Logo

DİM: "Ümumi müsahibəyə 36 vakant vəzifə çıxarılıb"

14.02.2023 16:43 302 baxış
IMG

Yanvarın 6-da elan edilmiş ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, ümumi müsahibəyə 12 dövlət orqanında mövcud olan 36 vakant vəzifə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 119 namizədlə 119 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə müraciəti vəziyyəti Bakı Apellyasiya Məhkəməsinin Aparatı, Analitik şöbə, aparıcı məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), İqtisadiyyat Nazirliyi, Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, Beynəlxalq iqtisadi təşkilatlarla əməkdaşlıq sektoru, məsləhətçi (1 vakant yer üzrə 20 namizəd) üzrə yaranıb.

Müsahibələrin fevralın 22-dən martın 1-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul olunmur, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.

Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında "İMTİNA" düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.

Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti