Fevralın 14-də Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin birgə təşkilatçılığı ilə muzeydə ziyalıların gənc nəsillərə tanıdılması məqsədilə “Ömür karvanı” adlı tədbir keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə polis ailəsi, ziyalı Məmmədağa və Validə Şiriyevlər ailəsi gənclərlə görüşüb.
Təşkilatçı müəssisələrin əməkdaşları, mədəniyyət işçiləri, yeniyetmə və gənclər iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva polis polkovnik leytenantı Məmmədağa Şiriyev və onun həyat yoldaşı, polis mayoru Validə Şiriyevanın birgə həyat hekayələri, yaşadıqları çətinliklər, cəmiyyətə və dövlətə yararlı vətəndaş olaraq tutduqları mövqelərdən geniş məruzə edib.
Sonra bütün həyatını dövlətin xidmətinə sərf edən, gənclərin və veteranların dostu Məmmədağa Şiriyev, onunla çiyin-çiyinə çalışan ömür gün yoldaşı, sevimli ana, qayğıkeş nənə Validə xanım Şiriyeva çıxış edərək özlərinin keçdikləri birgə ömür yolundan və bu qoşa ziyalı həyatından danışıblar. Həyatda dost, işdə polis qaydası ilə ömürlərinin 50 ilini birgə addımlayan ziyalı cütlük yeniyetmə və gənclərə öz tövsiyələrini veriblər.
Tədbirdə GİKM Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva çıxış edərək ziyalı Şiriyevlər ailəsinin həyat hekayəsinin hər bir gəncə ibrət ola biləcək həqiqi dastan olduğunu vurğulayıb.
Yekunda Şiriyevlərə təşkilatçılar tərəfindən “Təşəkkürnamə” və hədiyyələrlə təqdim olunub.