Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumitəhsil məktəblərinin şagirdləri Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin birgə əməkdaşlığı çərçivəsində Elm və Təhsil Nazirliyinin dəstəyi, “Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi” Publik Hüquqi Şəxsin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” IV Respublika müsabiqəsində müxtəlif nominasiyalar üzrə uğur qazanıblar.
Bu barədə Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov məlumat verib.
Müsabiqənin məqsədi regionlar üzrə ekoloji təmiz kənd təsərrüfatının inkişafı və Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki növlərinin becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların istifadəsi, bərpası mühafizəsinə dair şagirdlərin maarifləndirilməsindən ibarət olub.
Müsabiqədə ümumtəhsil və internat məktəblərinin V-XI sinif şagirdləri, məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri fərdi, kollektiv, sinif, ailə və ya məktəb şəklində iştirak ediblər. Meyvəçilik, subtropik bitkilər, arıçılıq, heyvandarlıq, meşə məhsulları, tərəvəzçilik, gülçülük, dənli bitkilər, texniki bitkilər, “balaca fermer” (I-IV siniflər), Qarabağın biomüxtəlifliyi nominasiyaları üzrə keçirilən müsabiqənin final mərhələsinə 100 nəfər vəsiqə qazanıb.
Final mərhələsinin nəticələrinə əsasən, Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə arıçılıq nominasiyasında Qax məktəblisi Kənan Həmzəyev birinci yerə, Balakən məktəblisi Həcər Ceerçiyeva ikinci yerə, meşə məhsulları nominasiyası üzrə Oğuz məktəblisi Fidan Həbibullayeva ikinci yerə layiq görülüblər. Kənan Həmzəyev, eyni zamanda, müsabiqənin Qran-prisini alıb.
Müsabiqənin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.