Logo

Azərbaycanda və şərqdə ilk televiziyanın yaranmasından 67 il ötür

14.02.2023 09:01 359 baxış
IMG

Bu gün Azərbaycanda və şərqdə ilk televiziyanın yaranmasından 67 il ötür.

"Tehsil.biz"in məlumatına görə, SSRİ-də Bakı televiziya studiyası 14 fevral 1956-cı ildə fəaliyyət göstərməyə başlayıb.

İlk veriliş günü ekranda sonradan Azərbaycanın tanınmış sənətkarına çevriləcək, o dövrdə isə gənc aktrisa olan Nəcibə Məlikova görünüb. O, çıxışını "Göstərir Bakı!" kəlməsi ilə başlayıb. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.

Əvvəllər yayım yalnız Bakı və Sumqayıtı əhatə edirdi. Bir il sonra - 1957-ci ildə televiziyanın əhatə dairəsi genişlənərək Salyan, Quba, Kürdəmir, eləcə də Azərbaycanın digər rayon və şəhərlərində də yayımlanıb.

1957-ci ildən Azərbaycan televiziyası həftədə beş dəfə efirə çıxıb və yalnız 1962-ci ildə gündəlik yayıma başlayıb. İldən-ilə təkmilləşən milli televiziyamız 2005-ci ilin yanvarından 24 saatlıq fasiləsiz yayıma keçib.

1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 2005-ci ildən isə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə şirkət "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinə çevrilib.

Xəbər lenti