Logo

“Sabahın alimləri” XII Respublika Müsabiqəsi keçirilib - FOTO

13.02.2023 19:23 490 baxış
IMG

Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyası və BP şirkətinin təşkilatçılığı ilə “Sabahın alimləri” XII Respublika Müsabiqəsinin rəsmi açılış mərasimi keçirilib.

"Tehsil.biz"in məlumatına görə, müsabiqənin rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə 6 fevral tarixində Türkiyədə baş verən zəlzələ nəticəsində vəfat edənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Elmi Ekspertiza Komitəsinin sədri, Təhsil İnstitutunun direktoru Rüfət Əzizov müsabiqənin statistik göstəriciləri ilə bağlı hesabat təqdim edib. O, mövcud olan 8 istiqamət üzrə qeydiyyatdan keçən, qəbul olunan və qiymətləndirilən layihələr haqqında, həmçinin həmin layihələrin şəhər və rayonlar üzrə göstəricilərindən bəhs edib. Qeyd edək ki, müsabiqə üzrə qeydiyyatdan keçən 486 layihədən 163-ü sərgidə iştirak etmək hüququ qazanıb. Rüfət Əzizov keçirilən müsabiqədəki layihələrin şagirdlərin gələcək həyatında uğurlu iş fəaliyyətinin başlanğıcı olduğunu qeyd edib.

Elm və təhsil naziri cənab Emin Əmrullayev tədbir iştirakçılarını salamlayıb və müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzu edib. O, bildirib ki, son illər ərzində şagirdlər arasında mühəndislik, riyaziyyat, fizika və kompüter elmlərinə olan maraq daha da artmaqdadır. Emin Əmrullayev müsabiqə çərçivəsində STEAM yönümlü layihələrin üstünlük təşkil etdiyini və STEAM İnnovasiya Mərkəzinin yaradılmasının buna bariz nümunə olduğunu da vurğulayıb.

AMEA-nın prezidenti İsa Həbibbəyli tədbirdə çıxış edərək sözügedən müsabiqənin əhəmiyyətindən danışıb. O, bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasında gənc alim və mütəxəssislərin inkişafı üçün zəruri tədbirlər həyata keçirilir, eyni zamanda müsabiqənin genişləndirilməsi və nailiyyətlərin artmasında bu qurum daim yaxından iştirak edir.

BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli müsabiqə iştirakçılarını təbrik edib və onlara davamlı nailiyyətlər arzulayıb.

Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İndira Hacıyeva gənc alimlər üçün təşkil olunan müsabiqənin onların gələcək həyatındakı müstəsna rolundan bəhs edib. O, bildirib ki, bu prosesdə şagirdlərin gündəlik davamlı işləmə həvəsi və məsuliyyətli olması önəmlidir.

Müsabiqənin açılış mərasimində iştirak edən qonaqlar sərgi ilə tanış olublar.

Qeyd edək ki, 3 gün ərzində müsabiqədə şagirdlərin əsasən 8 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətrafmühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə elmi-tədqiqat layihələri dəyərləndiriləcək, qaliblər sırasından seçilən məktəblilər ABŞ-da keçirilən sərgidə ölkəmizi təmsil edəcəklər.

Müsabiqənin keçirilməsində əsas məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkar etmək, şagirdlərdə tənqidi düşüncə, problemi həll etmə, vaxtın idarə edilməsi, natiqlik və ünsiyyət kimi müxtəlif bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələri genişləndirmək və həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdən ibarətdir.

Tədbirdə ARTİ-nin, Təhsil Nazirliyinin, ali təhsil müəssisələrinin, bir sıra dövlət qurumlarının və özəl müəssisələrin rəhbər heyəti, müsabiqə iştirakçıları olub. Müsabiqə növbəti iki gün ərzində də öz işini davam etdirəcək.

Xəbər lenti