Logo

Azərbaycanın qanunvericilik tarixinin ən başıbəlalı sənədlərindən olan Rəqabət Məcəlləsi - ARAŞDIRMA

12.02.2023 17:27 271 baxış
IMG

Azərbaycanın qanunvericilik tarixinin ən başıbəlalı sənədlərindən olan Rəqabət Məcəlləsi yenə də parlamentin yaz sessiyasının iş planına daxil edilib. Amma Məcəllənin bu dəfə də qəbul olunacağına ümid çox deyil. Ekspertlərsə, bu Məcəllənin qəbulunun vacib olduğu qənaətindədirlər.

Rəqabət Məcəlləsi bu il Milli Məclisdə müzakirəyə çıxarıla bilər. Belə ki, qanun layihəsi parlamentin 2023-cü il üzrə yaz sessiyasının qanunvericilik işləri planına daxil edilib. Layihə əvvəlcə sessiya ərzində Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq, daha sonra plenar iclasa təqdim olunacaq.

Qeyd edək ki, Rəqabət Məcəlləsi Azərbaycanın qanunvericilik tarixinin ən başıbəlalı sənədlərindəndir. Sənəd hələ 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. O vaxt qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb. Sonrakı illərdə də layihə bir neçə dəfə Milli Məclisin iş planına daxil edilsə də, onun müzakirəsini təşkil etmək mümkün olmayıb. Yəni Rəqabət Məcəlləsi neçə illərdir gözlənilsə də, onun qəbulu müşkülə çevrilib. Görəsən, bu dəfə deputatlar “şeytanın qıçını” qıra biləcəklərmi?

"Kaspi" qəzeti mövzunu araşdırıb:

Hökumətdə Rəqabət Məcəlləsinin layihəsi razılaşdırılıb?

İqtisadçı millət vəkili Vüqar Bayramov hesab edir ki, Rəqabət Məcəlləsinin qəbul edilməsi vacibdir: “Rəqabət Məcəlləsinin müzakirəsi və qəbul edilməsi builki yaz sessiyasının iş planına daxil edilib. Rəsmi məlumatlar da göstərir ki, hökumətdə Rəqabət Məcəlləsinin layihəsi razılaşdırılıb. Milli Məclis üzvü olaraq bu qanunvericilik aktının qısa zamanda müzakirə edilib, qəbul edilməsinin tərəfdarıyam. Bu istiqamətdə layihənin təkmilləşdirilməsi ilə bağlı fikirlərimizi də təqdim edəcəyik. Yaz sessiyasında müzakirəsinin nəzərdə tutulması ondan xəbər verir ki, 2023-cü ildə müzakirə edilərək qəbul olunması imkanları genişdir. Düşünürəm ki, yaz sessiyasında müzakirə edilib, qəbul olunması məqsədəuyğun olardı”.

V.Bayramov bildirdi ki, layihənin qəbul edilməsində məqsəd iqtisadiyyatda rəqabətin müdafiə edilməsidir: “Gözlənti ondan ibarətdir ki, bu qanunun qəbul edilməsi iqtisadiyyatda rəqabətin daha da gücləndirilməsinə dəstək olacaq. Bu, azad sahibkarlığın inkişafı, iqtisadiyyatda monopoliyanın tamamilə aradan qaldırılması və baryerlərin götürülməsi baxımından vacib bir layihədir. Ona görə də Rəqabət Məcəlləsinin qəbul edilməsi Azərbaycan iqtisadiyyatında rəqabətin dəstəklənməsi və azad sahibkarlığın inkişafı baxımından vacib addım kimi qiymətləndirilir”.

“Çalışacağıq ki, üç oxunuşda qəbul edək”

Uzun müddətdir Rəqabət Məcəlləsinin qəbulu istiqamətində mübarizə aparan millət vəkili Vahid Əhmədov da layihənin parlamentin iş planına daxil edilməsini müsbət hal kimi qiymətləndirir. Onun sözlərinə görə, hələ ki qanun layihəsi deputatlara təqdim edilməyib: “Çalışacağıq ki, bu sessiyada üç oxunuşun üçündə də qəbul edək. Ola bilər üzərində müəyyən düzəlişlər olacaq, komitədə, iclasda müzakirələr gedəcək. Çox vacib qanun olduğu üçün qəbul edilməsini uzun müddətdir tələb edirdik. Bu qanunun qəbul edilməsi Azərbaycan iqtisadiyyatına, bazara öz müsbət təsirini göstərəcək. Bu məcəllə mütləq qəbul edilməlidir”.

Komitə sədri isə söz verə bilmir

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə hələ ki, əminliklə məcəllənin bu sessiyada qəbul ediləcəyinə əmin deyil. Onun sözlərinə görə, hələlik bu barədə nəsə söyləmək mümkün deyil: “Bu layihə parlamentə daxil olanda danışarıq. Çünki biz hələ layihəni yalnız iş planına salmışıq. Qəbul edilib-edilməyəcəyi ilə bağlı hələlik bir şey demək mümkün deyil”.

Bəzən inhisarçılar dövlət orqanından daha güclü olur

İqtisadçı Xalid Kərimlinin fikrincə, məcəllə axır ki, qəbul edilməlidir: “Məcəllənin qəbul edilməsinə mane olacaq xüsusi hal yoxdur. Bu sənədin qəbulunun 15-20 il ləngiməsi absurd idi. Rəqabət Məcəlləsi bazar iqtisadiyyatını tənzimləyən ciddi qanunlardan biridir. Ona görə sənədin qəbulu prosesində gərgin müzakirələrin olması vacibdir”.

X.Kərimli Rəqabət Məcəlləsinin qəbulunun ölkə iqtisadiyyatında ciddi dəyişikliyə gətirə biləcəyini düşünmür: “Rəqabət Məcəlləsinə qədər də pis-yaxşı qanunlar var idi. Müxtəlif sahibkarlıq fəaliyyətini, rəqabət sahəsini tənzimləyən “Haqsız rəqabət haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Təbii inhisarlar haqqında” qanunları xartırlayaq. Lakin həmin qanunlar yaxşı icra olunmurdu”.

İqtisadçı bildirdi ki, inhisarçılarla mübarizə üçün bu qanun vacib rol oynamalıdır: “Rəqabət Məcəlləsi həm rəqabətin təşviq edilməsinə gətirib çıxarmalı, həm də inhisarların süni qiymət qoyması, bazarı boğması, haqsız rəqabət şərtləri formalaşdırmasının qarşısını almalıdır. Çünki bəzən inhisarçılar dövlət orqanından daha güclü olurlar”.

Xəbər lenti