Logo

Naxçıvanın muxtariyyətinə həsr olunmuş interaktiv dərs keçirilib

10.02.2023 20:54 369 baxış
IMG

2023-ci il Naxçıvan Muxtar Respublikasının yaradılmasından 99 il ötür. 

Tehsil.biz xəbər verir ki, bu münasibətilə fevralın 10-da Dövlət Bayrağı Muzeyi ilə Ordubad rayon Xanağa kənd tam orta məktəbi arasında “Naxçıvanın muxtariyyəti: dünən və bu gün” mövzusunda interaktiv dərs keçirilib.

Muzeyin bələdçisi tərəfindən aparılan dərsdə muxtariyyətin tarixi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ötən əsrin əvvələrində Naxçıvan  tarixi torpağımız olan Zəngəzurun itirilməsi ilə Azərbaycanın əsas hissəsindən ayrı düşüb. Yaranmış fürsətdən istifadə edən  erməni millətçiləri Naxçıvanı tutmaq üçün hər cür vasitələrə əl atıblar. Lakin qəhrəman naxçıvanlıların, dövrün vətənpərvər ziyalılarının inadlı müqaviməti bölgənin işğal edilməsinə yol verməyib. 1921-ci ildə Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvanın muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs verib.

Qeyd olunub ki, Naxçıvanın muxtariyyət statusu qazanmasında Moskva və Qars müqavilələrinin müstəsna əhəmiyyəti var.

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” deyən Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlar, bu diyara tarixi səfərləri, ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü tədbirlər diyarın hərtərəfli inkişafını təmin edib 

Şagirdlərin diqqətinə çatdırılıb ki, ölkə Prezidenti İlham Əliyev bu tarixi günlə bağlı 2009-cu il fevralın 6-da xüsusi Sərəncam imzalayıb. Ölkə başçısının ötən dövrdə muxtar respublikanın müdafiə, enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi yolunda atdığı mühüm addımlar muxtar respublikanın hərtərəfli inkişafına təkan verib.

Dərsin sonunda muzeyin ekspozisiyası haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, interaktiv dərs muxtar respublikanın ümumtəhsil məktəbləri tərəfindən izlənilib.

Xəbər lenti