Logo

GİKM-dən gələcəyin mühasiblərinə DƏSTƏK

24.02.2021 17:09 588 baxış
IMG

“Hazır Mühasib-2” layihəsinin onlayn açılış mərasimi baş tutub.

 

Açılış mərasimində Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) baş direktoru Rəvanə Həsənli, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin prezidenti Radil Fətullayev, Gəncliyə Yardım Fondunun nümayəndəsi Vəfadar Babayev, “Məram” Gənclərin İnkişaf Mərkəzinin nümayəndəsi Elvin Oruczadə iştirak edib. Rəsmilər öz çıxışlarında 4 ay davam edəcək layihə müddətində gənclərə uğurlar arzulayıb.

 

Açılış tədbirində, həmçinin “Hazır Mühasib-1” iştirakçıları da öz təcrübələrini və layihə haqqında təəssüratlarını bölüşüblər.

 

Layihə iqtisadiyyat və maliyyə ixtisasları üzrə təhsil alan orta-ixtisas və ali təhsil müəssisələrinin tələbə və məzunları, iş axtaran gənclər və karyerasını mühasibatlıq sahəsində qurmaq istəyən region gəncləri üçün nəzərdə tutulub.

 

Beynəlxalq mühasibat uçotunun əsaslarını əhatə edən proqramın əsas istiqamətləri maliyyə uçotu və hesabatı, vergi və sosial ödənişlərin uçotu və hesabatı və rəsmi mühasibatlıqdır.

 

Qeyd edək ki, layihədə iştirak etmək üçün 1000 nəfər müraciət edib, onlar arasından 100 nəfər gənc test imtahanı və müsahibə mərhələsini uğurla tamamlayaraq layihə iştirakçısına çevriliblər. Proqramı uğurla tamamlayanlar isə sertifikatla təltif olunacaq və fərqlənən iştirakçılar təlimlərdən sonra təcrübə proqramına göndəriləcək.

 

Gənclərin İnkişaf və Karyera Mərkəzi, İATM - İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondu və “Məram” Gənclik İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçiriləcək layihənin məqsədi gənclərin karyera quruculuğu və karyerasına dəstək olmaqdır.

 

Məlumat üçün bildirək ki, layihə ikinci dəfə keçirilir. Keçən il baş tutan layihənin sonunda 30 iştirakçıdan 10-u dövlət və özəl sektorda işlə təmin olunublar.

Xəbər lenti