Fevralın 8-dən 11-ə kimi Azərbaycanın Mərakeşdəki səfirliyinin təşkilatçılığı ilə və Rabatın Məhəmməd V Universitetinin dəvəti ilə Azərbaycan universitetlərinin - Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan-Fransız Universiteti, ADA Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dillər Universiteti - təmsil olunduğu nümayəndə heyəti bu ölkəyə səfərə yola düşüb.
"Tehsil.biz"in məlumatına görə, səfərin məqsədi iki ölkə ali təhsil müəssisələri arasında gələcək əməkdaşlıq və tələbə mübadiləsi məsələlərini müzakirə etməkdir. Mərakeşdə Azərbaycan Universitetləri haqqında Məhəmməd V Universitetində təqdimatlar olacaq və Anlaşma Memorandumu sənədi ilə bağlı müzakirələr keçiriləcək.
Səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri həm də Mərakeşin Ali təhsil, Tədqiqat və İnnovasiyalar nazirliyində də rəsmi şəxslərlə görüşəcəklər.