Logo

Naxçıvanda muzey əməkdaşları üçün seminar-treninq keçirilib - FOTO

09.02.2023 14:23 409 baxış
IMG

Fevralın 9-da Cəlil Məmmədquluzadənin Ev Muzeyində muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzey bələdçilərinin hazırlığına verilən tələblər” mövzusunda seminar-treninq təşkil olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən "Tehsil.biz"ə bildirilib ki, seminarda əvvəlcə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının şöbə müdiri Gülbuta Babayeva cəmiyyətin inkişafında, maddi-mənəvi irsin qorunub saxlanmasında, xalqın qədim tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğ edilməsində muzeylərin rolundan və tarixindən danışıb. Vurğulanıb ki, 30 muzey və muzeytipli müəssisənin fəaliyyət göstərdiyi Naxçıvanda muzeylərin fəaliyyəti, fondların zənginləşdirilməsi, muzey xidmətinin, muzey əməkdaşlarının fəaliyyətinin düzgün təşkili, bələdçilərin hazırlıq səviyyəsi daim diqqətdə saxlanılır.

Seminarda Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərovanın “Bələdçinin hazırlığına verilən tələblər” mövzusunda çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki, bələdçilər muzeyin təbliğ olunmasında xüsusi rol oynayır. Muzey bələdçisi eksponatlar haqqında elmi, bədii məlumatlar vermək ilə yanaşı həm də, vətənpərvərlik, humanistlik, beynəlmiləlçilik kimi keyfiyyətlər aşılayır. Muzey bələdçisi ilk növbədə ali təhsilli olmalı, xarici görkəmi, səlis nitqi, əhatəli dünyagörüşü, intellektual səviyyəsi ilə auditoriyanı ələ almağı bacarmalı, xarici dil biliyinə sahib olmalıdır.

Muzey bələdçisinin xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini öyrənməli olduğunu vurğulayan muzey direktoru qeyd edib ki, ekskursiya bələdçisindən yüksək ünsiyyət mədəniyyəti və nəzakət tələb olunur. Muzeyə gələn istər yerli, istər xarici qonağın ilk təəssüratı onun qarşılanmasından asılıdır. Muzey bələdçisi muzey ziyarətçisini daim müşayiət etməli, eksponatlar haqqında mükəmməl məlumat verməlidir.

Seminar-treninqin sonunda yeni işə başlayan muzey əməkdaşlarının sualları cavablandırılıb.

Sonda muzeyin ekspozisiyasına baxış keçirilib və bələdçinin ekskursiya aparması müzakirə olunub.

Xəbər lenti