Logo

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə MEDİA-nın rəhbər şəxsləri arasında görüş olub - FOTO

07.02.2023 14:43 297 baxış
IMG

Fevralın 6-da Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun və qurumun rəhbərliyində təmsil olunan şəxslərin görüşü keçirilib.

"Tehsil.biz"in məlumatına görə, toplantını giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, “Media haqqında” Qanundan irəli gələn vəzifələrin həlli, o cümlədən hazırda tətbiq edilən Media Reyestri cəmiyyətdə müzakirə olunur. Mətbuat Şurası tərəfindən də vaxtilə gündəmə gətirilmiş başlıca məqam bu idi ki, redaksiyaların hazırkı ştat vahidi reyestə düşmək üçün olan tələblər ilə uyğun olmalıdır. Elə ştatlar var ki, onlar üzrə işə götürülmüş şəxs, faktiki olaraq, jurnalist fəaliyyəti yerinə yetirib, lakin hazırda bunun nəzərə alınması mümkün deyil. R.Məcid məsələnin MEDİA ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə səyi nəticəsində həllini tapdığını diqqətə çatdırıb.

MŞ sədri çıxışında, həmçinin, Vergi Məcəlləsinə media fəaliyyəti ilə bağlı dəyişiklik layihəsinin Milli Məclisdə müzakirəyə çıxarıldığını vurğulayıb. O bildirib ki, dəyişiklik nəticəsində media subyektlərinə vergi güzəştlərinin tətbiqinin nəzərdə tutulması müsbət haldır və bu, onların fəaliyyətində pozitiv meyillər doğuracaqdır, medianın iqtisadi imkanları artacaqdır.  

Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov bildirib ki, Vergi Məcəlləsinə dəyişiklik layihəsi Azərbaycan dövlətinin media sahəsində apardığı islahatlar proqramının tərkib hissəsidir. O, rəhbərlik etdiyi qurumun yaxın vaxtlarda biznes strukturları ilə görüş keçirmək, media-biznes münasibətləri sahəsindəki durum ilə əlaqədar müzakirələr aparıb hər iki tərəfin mənafeyinə uyğun optimallaşdırıcı təkliflər hazırlamaq niyyətində olduğunu açıqlayıb. Media Reyestrində qoyulan tələblərin redaksiyalardakı mövcud ştat vahidinə uyğunlaşdırılmasına gəlincə, Ə.İsmayılov məsələnin əslində reyestrdən deyil, redaksiyaların ştat vahidlərinin əmək qanunvericiliyinə uyğunsuzluğundan qaynaqlandığını diqqətə çatdırıb. İcraçı direktor MEDİA-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə mövcud vəziyyətin qaydaya salınması istiqamətində müvafiq iş apardığını diqqətə çatdırıb və nəticədə problemin yoluna qoyulduğunu vurğulayıb.

“Media haqqında” Qanundakı bütün anlayışların jurnalist fəaliyyətini əhatə etdiyini deyən Ə.İsmayılov onu da bildirib ki, Media Reyestri müstəqil fikrin ifadəsinə heç bir məhdudiyyət tətbiq etmir, eyni zamanda, “Media haqqında” Qanunun çərçivəsinə daxil olmayan hər hansı fəaliyyət sənədin təsir dairəsindən uzaqdır. Əgər kimsə hansısa sayt, yaxud bloq yaradıb özünün maarifləndirici xarakterli baxış və təkliflərini yayacaqsa, onun özünü ifadə vasitəsi media fəaliyyəti kimi nəzərə alınmır. Ancaq bu platforma xəbər yayıcılığı üzərindədirsə, o zaman qanunun tələbinə uyğunluq mütləqdir.

Ə.İsmayılov əlavə olaraq media subyektlərində çalışan əməkdaşlar üçün reyestrə düşmək tələblərindən söz açıb. Qoyulmuş üç illik fəalliyyət müddəti tələbini, yalnız müəyyən peşəkarlığa malik jurnalistlərin reyestrə daxil edilməsinin prinsip kimi götürülməsi ilə əsaslandırıb.

MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli çıxışında uzun müddət media sahəsindəki əmək münasibətlərinin rəsmiləşdirilməməsinin hazırda jurnalistlərin Media Reyestrinə daxil edilməsinə yaratdığı maneədən söz açıb. O, çıxışında, eyni zamanda, “Media haqqında” Qanuna və Media Reyestrinə qarşı müəyyən qüvvələrin apardıqları kampaniyanın xüsusi siyasi məqsəd daşıdığını, bunun söz və ifadə azadlığı məsələləri ilə beynəlxalq miqyaslı manipulyasiyanın tərkib hissəsinin olduğu vurğulayıb.

Müzakirələrdə iştirak etmiş MŞ sədrinin müavini, ATV prezidentinin müşaviri Səadət Məmmədova, Şuranın İdarə Heyətinin üzvləri – “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, “Technote Media” Şirkətinin rəhbəri Fərid Pərdəşünas, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, Gənc Demokatlar İnstitunun rəhbəri Yeganə Hacıyeva, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu və başqaları çıxışlarında Media Reyestrinin tətbiqi ilə bağlı öz fikirlərini bölüşüblər. Qeyd olunub ki, yeni qanunun qəbul edilməsi və media sahəsində yaranmış böhranlı vəziyyətin aradan qaldırılması zamanın tələbi olub. Yeni qanun və tətbiq olunan Media Reyestri qarşıda duran vəzifələrin həlli üçün effektiv mexanizm təqdim edirlər. Lakin bəzi şəxslər Azərbaycanda media sahəsində problemlərin həlli ilə deyil, ənənəvi qaydada yeni problemlər yaratmağa çalışırlar və çox təəssüf ki, öz mövqelərini media və ifadə azadlığının təmin olunması zəruriliyi ilə əsaslandırmağa çalışaraq, ictimai rəyi çaşdırmağa cəhd göstərirlər.

Ayrı-ayrı çıxışlarda və çıxışlar ətrafındakı müzakirələrdə, həmçinin, görüləcək işlərin media mühitimizin sağlam təməllər üzərində inkişafına dəstək niyyəti daşıdığı diqqətə çatdırılıb. Bildirilib ki, Mətbuat Şurası meydana çıxan problemlərin  müzakirəsi və daha səmərəli həlli üçün səylərini əsirgəməyəcək, media fəaliyyətinin qanunun tələblərinə uyğun şəkildə həyata keçirilməsinə var gücü ilə dəstək verəcəkdir.

Xəbər lenti