Logo

Ali Məhkəmə və ADA Universiteti arasında memorandum imzalanıb - FOTO

07.02.2023 10:37 508 baxış
IMG

ADA Universiteti ilə Azərbaycan Respublikasının Ali Məhkəməsi arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Rektor, səfir Hafiz Paşayev qonaqları salamlayaraq qeyd edib ki, ADA Universiteti və Ali Məhkəmə artıq xeyli müddətdir əməkdaşlıq edir. ADA Universitetinin tələbələri həm Ali Məhkəmədə, həm də ölkənin digər məhkəmələrində təcrübə keçirlər. Mövcud əməkdaşlıq münasibətlərini daha da genişləndirmək məqsədilə bu gün ADA Universiteti və Ali Məhkəmə arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmaq üçün bu mərasim təşkil olunub. Memorandum tələbələrə Ali Məhkəmədə təcrübə keçmək imkanları ilə yanaşı, onlara Ali Məhkəmənin nəzdində təsis ediləcək hüquq klinikasında da iştirak etmək fürsəti yaradacaq.

ADA Universitetinin müasir standartlara uyğun yüksək təhsil verdiyini deyən Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev bildirib ki, Memorandum tarixi bir vaxtda - Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etməyə hazırlaşdığımız bir dövrdə, eləcə də Ali Məhkəmənin yaradılmasının 100 illik yubileyi ərəfəsində imzalanır. Müstəqil Azərbaycan dövlətində hər bir sahənin inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Memorandumu imzalamaqla Ali Məhkəmə ADA Universitetində hüquqşünaslıq üzrə yüksəkixtisaslı kadrların hazırlanmasına yardım edəcək.

Memorandum çərçivəsində tərəflər qarşılıqlı razılıq əsasında müvafiq mövzularla bağlı təhlil və məsləhətləşmə aparacaq, məlumat və təcrübə mübadiləsi həyata keçirəcək, həmçinin birgə işçi qrupları və seminarlar təşkil edəcəklər.

Azərbaycanda hüquq və digər sahələrdə nəzəri və təcrübi biliklərin artırılmasına yeni töhfə verəcək Əməkdaşlıq haqqında Anlaşma Memorandumunu Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev və ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev imzalayıblar.

Sonda Ali Məhkəmənin sədri tərəfindən ADA Universitetinə hüquq sahəsinə aid kitablar və suvenir hədiyyə edilib.

Xəbər lenti