Logo

"Ölkəmizin enerji diplomatiyasındakı uğurları beynəlxalq səviyyədə də təqdir edilir"

06.02.2023 19:47 278 baxış
IMG

Son illər ərzində Avropanın enerji xəritəsini zənginləşdirən Azərbaycan Respublikası müstəqil iqtisadi siyasət yeridən ölkə kimi dünyanın potensial qaz ixracatçıları sırasında mövqeyini getdikcə möhkəmləndirir.

Respublikamız Avropa üçün neft və təbii qazdan sonra bərpaolunan enerjinin potensial mənbəyi kimi tanınır və onun hidrogenlə bağlı planlarına töhfə verəcək tərəfdaşlarından biri olaraq xüsusi diqqət çəkir. Ölkəmizin enerji diplomatiyasının uğurları beynəlxalq səviyyədə də təqdir edilir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən iclasdakı  çıxışında bundan əvvəlki toplantıdan ötən müddətdə enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığını və enerji təhlükəsizliyinin həqiqətən milli təhlükəsizlik məsələsi kimi diqqət çəkdiyini bildirərək qeyd etmişdir: “Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir. Azərbaycan buna hazırdır. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür”.

Azərbaycan Avropanın enerji təhlükəsizliyini təkcə neft-qaz potensialı ilə də deyil, alternativ enerji mənbələri hesabına da təmin etməsi istiqamətində mühüm işlər görür. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda günəş və külək elektrik stansiyalarının inşasını nəzərdə  tutan investisiya layihələrinin icrası ölkəyə əlavə 700 meqavatdan çox təmiz “yaşıl enerji” verəcək. Bundan əlavə, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış niyyət protokolları əsasında ölkəmizdə 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Bu istiqamətdə birgə əməkdaşlığın Azərbaycan iqtisadiyyatına çox böyük fayda gətirəcəyi şəksizdir. Qeyd edək ki, Rumıniya Cənub Qaz Dəhlizi layihəsinə Aİ çərçivəsində dəstək verilməsinin əsas təşəbbüsçülərindən biridir. Cənub Qaz Dəhlizi istifadəyə verildikdən sonra ölkələrimiz arasında iqtisadi-ticari münasibətlər daha yüksək səviyyəyə çatdırılıb. Əvvəllər Azərbaycan Rumıniyaya yalnız neft tədarük edirdisə, bu gün artıq Azərbaycan qazının da CQD vasitəsilə Rumıniyaya çatdırlması üzrə hazırlıq işləri aparılır. Dövlətimizin başçısı bildirib ki: “Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir. Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq”. 

Həmçinin ölkə başçısı çıxışında, Cənub Qaz Dəhlizinin iki ildən bir az çox vaxt əvvəl istismara verildiyini, bu gün isə artıq TANAP-ın 16 milyard kubmetrdən 30 milyard kubmetrə qədər genişləndirilməsini, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsinin nəzərdən keçirildiyini vurğulayıb: “Enerji təchizatının davamlı şaxələndirilməsi zəruridir. Azərbaycan buna hazırdır. Ona görə, əvvəlki illərdə birgə səylərimizlə görülmüş bütün işlər bu gün bizim səlahiyyətimizdədir və bizim heyətimiz daha da böyüyür”.

Yeri gəlmişkən, Cənub Qaz Dəhlizinin seqmentlərini Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, “Şahdəniz-2”, TANAP və TAP layihələri təşkil edir. Dəhliz, eyni zamanda, çox sayda müxtəlif maraqlı tərəfləri, həmçinin 7 hökuməti və 11 şirkəti özündə əhatə edən mürəkkəb bir layihədir. Bu layihə dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilir. Eyni zamanda, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan Cənub Qaz Dəhlizi Xəzər regionundakı müəyyən qaz ehtiyatını Avropa bazarına daşımaqla dünyanın enerji xəritəsini dəyişəcəyi gözlənilir. 

Qeyd edək ki, 2018-ci il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib və Azərbaycan təbii qazı Cənub Qaz Dəhlizi sisteminə vurulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qurulan “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə qaz hasilatına başlanılıb. 2018-ci il iyulun sonunda isə “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunduğu vaxtdan hasilat tədricən artıb. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü gündəlik 56 milyon (ildə 20 milyard) standart kubmetr təşkil edib.

Bütövlükdə Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası, səylərin birləşdirilməsi fonunda görülən işlər yalnız dünyanın enerji təhlükəsizliyinin təminatı məsələsi kimi yox, Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, göstərilən etimadın göstəricisidir

Arzu Daşdəmirov 
ADPU-nun Fizika fakültəsinin dekanı, dosent, əməkdar müəllim

Xəbər lenti