Logo

UNEC-də “Çevrilmiş tədris” metodunun nəticələri müzakirə olunub

06.02.2023 15:00 326 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilindən tətbiq olunan “Çevrilmiş tədris” (Flipped education) metodunun nəticələri müzakirə olunub.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, rektor professor Ədalət Muradov müasir universitet modelinin tətbiqi istiqamətində işlərin davam etdirildiyini bildirib: “Universitetin əsas hədəflərindən biri tələbələrə praktiki vərdişləri aşılamaq və onlarda XXI əsr bacarıqlarını formalaşdırmaqdır. Dünya çox sürətlə dəyişir, nəzəri biliklər sürətlə deformasiyaya uğrayır. Bu səbəbdən də dünya universitetləri dəyişməz qalan bacarıqların tədrisinə fokuslanır. UNEC-də də sentyabr ayından ən müasir metodologiyalara əsaslanan “Çevrilmiş təhsil” yanaşmasının tətbiqinə başlanılıb. Dünyanın aparıcı universitetlərində tətbiq olunan bu metodun əsas özəlliyi dərs zamanı biliklərin tələbələrə daha rahat qavraya biləcəkləri audio, video, infoqrafik və yazılı formatda ötürülməsidir”. Rektor pilot olaraq tətbiq edilən yeni metodun uğurlu olacağına əminliyini söyləyib.

Sonra rəqəmsallaşma üzrə prorektor dosent Raqif Qasımov “Çevrilmiş tədris” metodunun nəticələri ilə bağlı hesabat verib. Hesabatda bildirilib ki, yeni metodun tətbiqi nəticəsində tələbələrdə tədris materiallarını sərbəst öyrənmə bacarığı formalaşıb, onların mənimsəmə və keyfiyyət göstəriciləri yüksəlib, fərdi öyrənmə trayektoriyası, qrup şəklində işləmə, öz aralarında kommunikasiya bacarıqları inkişaf edib.

Prorektor tədrisin təşkili ilə bağlı tələbələr arasında sorğu keçirildiyini də bildirib. Fənlər üzrə keçirilən sorğuda tələbələr yeni tədris metodunun tətbiqini yüksək qiymətləndiriblər.

“Çevrilmiş tədris” metodu tətbiq edilən qruplarda monitorinq aparılaraq nəticələr təhlil olunub. Yeni metodun müəllim və tələbələrin motivasiyasına müsbət təsir etdiyi, tədris materiallarının mənimsənilməsində yüksək göstəricilərin əldə olunduğu müəyyənləşib.

Hesabatda fənlər üzrə mənimsəmə və keyfiyyət faizləri də açıqlanıb. Yaz semestrindən hər fakültə üzrə 5 qrupda “Seçilmiş tədris” metodu tətbiq olunacağı diqqətə çatdırılıb.

Sonra yeni metodun səmərəliyinin artırılması yolları haqqında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Xəbər lenti