Logo

Moskvadakı Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasında ədəbi-bədii gecə təşkil edilib

06.02.2023 12:17 284 baxış
IMG

Rusiya Xalqlar Dostluğu Universitetinin Filologiya fakültəsinin Nizami Gəncəvi adına Azərbaycan ədəbiyyatı auditoriyasında müxtəlif xalqların böyük şairlərinin şeirlərinə həsr olunmuş “Şeirlər – dostluq körpüsü” adlı ədəbi-bədii gecə keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbir RUDN Universitetinin Filologiya fakültəsinin dəstəyi və universitetin “Dostluq” Azərbaycan Tələbələri İcmasının təşkilatçılığı ilə baş tutub.

Tədbir iştirakçılarını salamlayan filologiya fakültəsinin dosenti Anar Həsənov bildirib ki, ədəbiyyat millətlərarası münasibətlərə təsir edən mühüm sahədir. “Biz müxtəlif platformalarda xalqların ədəbi əlaqələri haqqında daha çox danışmalıyıq. Çünki bu, millətlərarası harmoniyanı birləşdirir və möhkəmləndirir. Sizin ədəbi gecəniz də bu uca məqsədə xidmət edir”.

Sonra Beynəlxalq Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, şairə Afaq Şıxlı, Humanitar-ictimai elmlər fakültəsinin baş müəllimi Mirmehdi Ağazadə, RUDN “Dostluq” Azərbaycan Tələbələri İcmasının rəhbəri, Tibb Universitetinin II kurs tələbəsi Hüseyn Cəfərov çıxış ediblər.

Qeyd edilib ki, Azərbaycan ədəbiyyatını təbliğ edən tələbələr hər zaman Moskvadakı azərbaycanlı yazıçıların və filoloqların dəstəyinə arxalana bilərlər. “Vətənini, xalqını, mədəniyyətini həqiqətən tanıyan, bunu hiss edən, həyatının hər gününü xalqın və ölkənin taleyi ilə bağlayan tələbələrə genişmiqyaslı dəstək göstərilməlidir. Bu, onların, sözün yaxşı mənasında, öz ölkələrinin müdafiəçiləri və natiqləri olmaları üçün mühüm amildir”, - deyə Afaq Şıxlı vurğulayıb.

Tədbir ədəbiyyatın müasir dünyada universal dostluq dili kimi əhəmiyyəti barədə fikir mübadiləsinin aparılması ilə davam edib. “Dostluq” Azərbaycan tələbələri icmasının nümayəndələri Azərbaycan ədəbiyyatına, xüsusilə də qüdrətli söz ustadı Nizami Gəncəvinin yaradıcılığına dair fikirlərini nəzərə çatdırıblar.

Tələbələrin ifasında Azərbaycan və rus dillərində Nizami Gəncəvinin, İmadəddin Nəsiminin, Səməd Vurğunun və Aleksandr Puşkinin şeirləri səsləndirilib.

Xəbər lenti