Logo

Qatil - Nəcib Məhfuzun hekayəsi

05.02.2023 22:40 329 baxış
IMG

Kulis.az Paşa Səfərovun tərcüməsində Nəcib Məhfuzun "Qatil" hekayəsini təqdim edir.

- Axı, nə etməli?!

Həbsxanadan çıxdıqdan sonra işsiz və arzusuz vəziyyətdə ordan-burdan piastr[1] ələ keçirir, buna şükr edirdi. Onun həbsdə olması ilk dəfə deyildi və yəqin ki, sonuncu da olmayacaqdı. İndi həyatdan qovulmuş vəziyyətdə yaşayırdı. Bir zaman güvəndiyi adamlar indi ondan üz döndərdi. Kimə müraciət etsə də, ona iş verən olmadı. Hətta həşiş satıcıları belə ona etibar etmirdi. Günlər keçdikcə o, uçurumun dərinliyinə doğru düşürdü. Yorğunluqdan yıxıla-yıxıla köhnə tanışlarını tapmaq ümidilə çayxanaları dolaşırdı, amma əbəs yerə - hər yerdə unudulmuşdu, onunla heç kim danışmırdı, heç kim ona yaxınlaşmırdı. Qarşılaşdığı narazı baxışlar onu sıxırdı.

Hərdən onun vəziyyətinə ürəyi yumşalan gənc ofisiant gizlincə ona bir neçə həşiş qırıntısı gətirirdi. Sonra kasıb, şirin yuxulara dalırdı: yemək dağları, şərab çayları, gözəl qadınlar, unudulmuş nağılların şəkilləri gözünün önündə canlanırdı. Kiçik kafedə nə vaxtsa eşitdiyi rəbabın[2] səsini eşitdi, hardasa dörddə bir əsr əvvəl, bəlkə də, daha çox.

Qahirənin ən qədim məhəllələrindən biri olan Hüseynidə çirkli və tökülmüş bir vəziyyətdə cır-cındır geyimdə anası ilə kiçik, üfünət verən bir otaqda yaşayırdı. Anası sədəqə ilə dolanan kor, iflic olmuş yaşlı qadın idi. Deyəsən, oğlunun varlığını unutmuşdu. Gecə evə gec qayıtdı və ona heç bir əhəmiyyət vermədi.

“Nə etməli? – nəhayət özündən soruşdu. – Hara getməli?” Keçmiş həyatı fırtınalı idi: o, hambal işlədi, sonra həşiş satıcısı oldu, daha sonra oğurluğa başladı. Və nə qədər döyüşdü. İlk dəfə həbsxanaya dava üstündə düşmüşdü. İndi onun qırx yaşı var, amma əzələləri hələ də güclüdür, arabanı hərəkət etdirə bilirdi və bir tikə çörək üçün mübarizə aparmalı olurdu.

Üçüncü dəfə idi, həbsdən çıxırdı və həyat heç vaxt ona indiki kimi qəddar davranmamışdı. Ümidsizcə qəlbindəki gizli səs hərdən ona həbsxanaya qayıtmağı və qalan günlərini orada keçirməyi tövsiyyə edirdi. İlk dəfə həbsdə olarkən oğlu xeyriyyə xəstəxanasında dünyasını dəyişdi. İkinci dəfə həbsdə olanda arvadı onu tərk etdi. İndi onun harada və kiminlə olduğunu bilmirdi. Və bunun üçün onu günahlandırmaq olardımı? Demək olar ki, daim həbsdə olan kişiyə sadiq qalan qadın azdır.

Onu yenidən insan edən möcüzə hardadır? Ola bilməz ki, dünyanın daha güclü əzələlərə ehtiyacı olmasın? Ola bilməz ki, onun üçün hər şey bitsin?

Bir gün o, məqsədsiz şəkildə küçədə gəzərkən kimsə onu ucadan səslədi:

- Ey, Bəyyumi!

Qamçı zərbəsini almış kimi ürkərək arxaya çevrildi. Nəhayət ki, kiməsə lazım oldu. Geniş və sevinclə gülümsəyən Bəyyumi onu çağıran şəxsin yanına qaçdı və əlini öpməyə başladı:

- Salam, salam, hörmətli ağa, salam sahib, salam olsun cənabımız Əli Rükn Seyyidə...

Əlini kobudcasına çəkib dedi:

- Boşboğazlığı burax! De görək həbsxana üçün darıxırsan?

- Sizin kimi insanlar olmasaydı, - Bəyyumi yaltaqlıqla cavab verdi, - həqiqətən, darıxacaqdım...

- Yenə boşboğazlıq!

Cənab Əli öz faytonuna tərəf getdi və əliylə işarə edərək Bəyyumiyə onun yanında əyləşməyi əmr etdi. O, gözlərinə inanmadı, amma onu vacib bir şeyin gözlədiyini tez anlayaraq itaət etdi. Sahibi cilova toxundu və at tozlu səki ilə irəlilədi. Əli Rükn kədərlə ətrafa baxdı, sonra birdən soruşdu:

- Sən hacı Əbd əs-Səməd əl-Həbbanini öldürə bilərsən?

Bəyyuminin üzü təəccübdən əyildi.

- Öldürmək? – o mızıldandı.

- Bəli, - Əli Rükn onun sözünə əhəmiyyət vermirmiş kimi ehtiyatsızlıqla təsdiqlədi.

- Mən heç vaxt heç kimi öldürməmişəm.

- Onda hələlik, - Əli Rükn soyuqqanlı şəkildə dedi və cilovu çəkdi.

Amma Bəyyumi yerindən tərpənmədi.

- Haqqını ödəyəcəksən, sahib? – deyə soruşdu və üzü qaraldı.

- Mən, yoxsa cənab Mahmud, sənə nə dəxli var? – Əli Rükn cilovu boşaldaraq gülümsədi. – Cənab Mahmud – böyük adamdır! O, fabrik sahibidir və həşişin ən böyük satıcısıdır. İstəmir ki, kimsə ondan və ya adamlarından şübhələnsin. Ağıllı insan hər şeyi necə edəcəyini bilir.

- Mən cənab Mahmudun nökəriyəm, həm də sizin...

- Yaxşı, boşboğazlıq kifayətdir. Sən Abd əs-Səmədi öldürməyə razısanmı?

- Onu artıq cənnətdə hesab edin, - Bəyyumi şən halda güldü.

- Hə, qoy o, cəhənnəmə düşsün, sən də onunla birlikdə!..

Bəyyumi bu istəyi dostcasına zarafat kimi qəbul edib yenidən güldü, amma cənab Əli davam etdi:

- Həbsdən çıxandan sonra heç pul görməmisən?

- Hə, elə əvvəllər də.

- Əlli qiney[3].

- Cəmi əlli?

- Son qiymətdi.

- Bu qətl üçün?

- Sən nə düşünürsən, səncə, sənlə bazarlıq edəcəm? – Əli Rükn əsəbi halda dedi.

- Ancaq pula o qədər ehtiyacım var ki, qoca anam mənim əllərimə baxır.

- Ana! – Əli Rükn təkrarlayıb güldü, sonra cibindən beş qiney əskinas çıxarıb Bəyyumiyə uzatdı.

- Budur ilk tapşırıq.

- Xeyr, vicdanıma and içirəm, cənab, bu azdır, - Bəyyumi pulu gözləri ilə yeyərək qışqırdı.

- Yaxşı, əmanət on qiney olsun, - Əli Rükn razılaşdı və hirsli gözlərini qıyaraq əlavə etdi: - Sən mənə inanmırsan, axmaq?

- Yox, siz nə danışırsınız, cənab. Amma, bəlkə də, həyatda əldə edə biləcəyim tək şey budur...

- Onu nə vaxt bitirəcəksən?

Bəyyumi bu haqda fikirləşdi.

- Mənə bir həftə vaxt verin... Gələn həftə şənbə günü.

- Bu yaxşı deyil.

- Amma, cənab, şübhə doğurmamaq, plan hazırlamaq üçün hər şeyi düzgün hazırlamalıyam. Bəli, ən azı bir həftə məmuniyyətlə yaşamaq istəyirəm. Bəlkə də, bu son həftədir...

Əli Rükn beş qineydən ibarət ikinci notu çıxardaraq hər ikisini Bəyyumiyə uzatdı.

- Bu işi gecikdirsən, bilirsən səni nə gözləyir? – o soruşdu.

- Həqiqətən, bilmirəm, Allah cəzamı versin, - deyə Bəyyumi pulu qatlayaraq güldü.

- Nə olursa olsun, bizdən heç birimizə yaxınlaşma, - deyə Əli Rükn xəbərdarlıq etdi və cilovu çəkdi.

Bəyyumi yerə sıçradı, yola düşən faytonun arxasınca baxdı və boş yerə Əli Rüknün dönüb ona əl yelləyəcəyini gözlədi.

Bəyyumi pulu sıxdı və hər şey gözünün önündə fırlandı. Onun heç vaxt belə bir məbləği olmayıb... Amma həm də heç vaxt öldürmək məcburiyyətində qalmamışdı. O, döyüşmüşdü, oğurluq etmişdi, amma öldürməmişdi. O, həyatı sevir, hətta həyat bəzən ölümdən daha çox nifrətə layiq olsa da. Amma bunu düşünməyin nə faydası var, indi öldürməsə də, öldürəcək. Bəli, son dərəcə diqqətli olmalıdır. Hər bir addım hesablanmalıdır. Sabah nə olursa olsun, ona daha qırx qviney gətirəcək. O, heç vaxt belə xəyal etməmişdi. Bəli, sahibi Mahmud, yəqin ki, ona hansısa ticarətlə məşğul olmağa kömək edəcəkdi. O zaman onun bütün arzuları həyata keçəcəkdi.

Əvvəlcə tez-tez getdiyi çayxanaya getdi və başqa şəhərdə əlavə pul qazanmaq üçün gedəcəyini elan etdi.

- Get, rahat get! – onu eşidən hər kəs bir ağızdan qışqırdı, nəhayət ondan qurtulacaqlarını düşündülər.

Bəyyumi bayıra çıxanda fikirləşdi: “Kimi öldürmək lazımdır, sizin hamınızı”. Sonra bazar hamamına getdi. O, hamama duman kimi çirkli və qara paltarda girdi, çıxanda isə özünü insan kimi hiss etdi. Bazardan alt paltarı, yeni halabea və ayaqqabı aldı: nəhəng ayaqları üçün çəkmə tapa bilmədi. Sonra restorana getdi və o qədər yemək yedi ki, ofisiant təəccübləndi. “Ah, kaş heç kəsi öldürmədən həmişə belə yaşaya bilsəydim”, - Bəyyumi fikirləşdi.

O, Əbd əs-Səməd əl-Həbbanini yalnız bir neçə dəfə, hətta ondan sonra da görüb. İndi onun haqqında daha çox məlumat əldə etməli idi. Bəyyumi Əbd əs-Səmədin yaşadığı Dərb əl-Qəmamizdəki böyük köhnə evə getdi və onun yerini öyrənməyə başladı. Sonra Məbyaddakı hacının ofisinə getdi və bir neçə dəfə onun ətrafında gəzdi. O bu adama yaxından nəzər salmağı bacardı və onun xarici görünüşünü, xüsusilə də dolğun, canlı simasını və gözəl, yaraşıqlı geyimini yaxşı xatırladı. Bir dəfə onların gözləri toqquşdu və ildirim sürəti ilə Bəyyumi gözlərini yayındırdı.

“Niyə Mahmud Hacı Əbd əs-Səmədə bu qədər nifrət edir?” Bəyyumi tez-tez özünə sual verirdi. Və onun – Bəyyuminin bu adamın niyə ölməyə layiq olduğunu bilməyə haqqı yoxdurmu? Ancaq bu barədə soruşmağa cəsarət etsəydi, cavab vermək əvəzinə bir sillə və ya təpik alardı. Budur banda - insanlarla istədiklərini edirlər. Hara gedirdisə, hər yerdə Mahmudun dəstəsindən bir nəfərlə rastlaşırdı.

Axşam Bəyyumi konyak içib sirkə getdi, sonra da yaxşı oteldə gecələdi. Və yenə də fikirləşdi ki, heç kimi öldürmədən həmişə belə yaşamaq necə gözəl olardı! Yenidən evlənəcək, uşaqları, oğlanları, qızları olacaq... Alver edib qazanc əldə edəcəkdi... Bəs sabah onu nə gözləyir? Və əvvəllər nə görmüşdü? Uşaq ikən yarıçılpaq, çirkli zolaqlarda qaçırdı, sonra oğru və xuliqan dəstəsinə qoşularaq, basqınlarda və döyüşlərdə iştirak etdi, yaxud axşamlar bir tikə çörək üçün qəhvəxanaları təmizlədi, həşiş tikələrini gizli satmaqla çalışdı... Nə gördü, onu nə gözləyirdi?!

Təyin olunmuş şənbə gəldi. Bəyyumi həyatının ən ağır gününü qarşılamaq üçün erkən oyandı. Bir cibinə bir tikə soyuq ət, digərinə bir şüşə konyak qoydu, sinəsində iti bıçağı gizlətdi. Bu gün Mahmud və adamları iş yerlərindən, dükanlarından çıxmayacaq, hamının gözü qarşısında olmağa, şübhə oyatmamağa çalışacaqlar. O belə hiylələrdən yaxşı xəbərdardır. O bu alçaq quldurlardan qırx qiney alacaq və ya ... arxadan xain bir bıçaq zərbəsi.

Bəyyumi Hacı Əbd əs-Səmədin evindən bir neçə metr aralıda ağacın arxasında gizlənərək qurbanının izinə düşməyə başladı. Qapı açıldı, evdən iki oğlan və bir qız məktəb çantaları ilə çıxdı. Hər üçü bir-birinə bənzəyirdi, lakin böyük oğlanın Əbd əs-Səmədin özünə bənzəməsi diqqəti cəlb edirdi. Sonra Bəyyumi oğlunu xatırladı, xatırladı, öləndə necə kədərlənmişdi.

Əbd əs-Səməd özü də həyətdən çıxıb əsaya söykənib bığlarını fırladaraq dayandı. Onu izləyən və Bəyyuminin görə bilmədiyi biri ilə danışırdı. Əbd əs-Səməd əlini həmsöhbətinə yelləyərək tələsmədən küçəyə keçdi. Tam üzündə razı təbəssüm vardı. Bu adam şən idi və Bəyyuminin düşündüyü kimi mehriban görünürdü! Bəs onun başqaları kimi olmadığına dair sübut haradadır? Onların hamısı doğmaları ilə söhbət edərkən xoş gülümsəyirlər. Məsələn, həbsxana rəisi. Allahım! Bu canavarı unutmaq mümkündürmü! Amma bir dəfə Bəyyumi oğlu ilə necə oynadığını gördü və hər ikisi o qədər şən güldülər ki, həbsxananın rəisi ona insan kimi göründü...

Uzaqda dayanan Bəyyumi həyəcandan titrəyərək Əbd əs-Səmədin arxasınca getdi və yalnız bir şey arzuladı: hər şeyin tezliklə bitməsini. Əbd əs-Səməd təəccüblü şəkildə sakitcə yeriyirdi. Hardan biləydi ki, ailəsini, övladlarını bir daha görməyəcək, bu, həyatının son günüdür, onu izləyən və varlığından şübhələnmədiyi adam təkbaşına onun taleyini proqnozlaşdıra bilir, bu adam əlli qvineyə onun aləti olmağa razılaşıb. Görəsən, Əbd əs-Səmədin satıldığı məbləğdən neçə dəfə artıq pulu var?!

“Bəs bu adam hara gedir? - Bəyyumi ətrafa baxa-baxa fikirləşdi. - Bu küçə onun ofisinin yerləşdiyi Mabyadaya[4] aparmır. O, pəncərələrindən mərhum üçün fəryad və mərsiyə səslənən hansısa evə getdi. Demək ki, Əbd əs-Səməd dəfn mərasiminə gəldi. Yaxşı bir gün!”

Yaxınlıqda dayanan Bəyyumi baş verənləri müşahidə etməyə başladı. Əli qeyri-ixtiyari olaraq cibində gizlədilən soyuq ətə uzandı. Bir parça qopararaq, çeynəməyə başladı. O, bir qurtum konyak içmək istədi, amma özünə qalib gəldi: həqiqətən, lazım olana qədər gözləmək lazımdır.

Təxminən saat on birə yaxın evdə fəryad və ağlama daha da şiddətləndi və son vida anlarının gəldiyini bildirdi. Ölən adam küçəyə çıxarıldı və dəfn mərasimi yola düşdü. Hacı Abd əs-Səməd iri dəsmal ilə göz yaşlarını silə-silə birinci sırada gedirdi.

Qadınların hıçqırıqları, kişilərin hüznlü üzləri. Kədərli mənzərə Bəyyumiyə ruh düşkünlüyü yaratdı. Yalnız qəbiristanlığa gedən yolda özünü bir az da yaxşı hiss etdi və yenə qurbanının arxasınca getməyə başladı. Əbd əs-Səməd dəsmalı ilə gözlərini silməkdə davam edirdi. Onu niyə bu qədər öldürmək istəyirlər?

İndi əgər ölən Əbd əs-Səməd olsaydı və heç kimi öldürməyə ehtiyac qalmazdı! Bəli, amma sonra onun qırx qineyi itəcək və bəlkə də, ondan əmanət də tələb olunacaq!...

Uzaqdan qəbiristanlığın darvazaları görünən kimi Bəyyumi dayandı; dəfn mərasimində iştirak etmək istəmədi. Əbd əs-Səmədi gözləyərkən beynində qəribə fikirlər dolaşırdı. Qəbirqazan işləmək yaxşı olardı. Bu, gəlirli peşə olmalıdır. Burada heç kim ona keçmişlə bağlı sual verməyəcək. Həşiş ticarəti ilə qazancları asanlıqla artırmaq olar. Ticarət qəbirlər arasında sürətlə gedəcəkdi... Bəyyumi edəcəyi işdən başqa hər şeyi düşünməyə üstünlük verdi.

Hacı Əbd əs-Səməd peyda oldu. İndi o, Mabyadəki ofisinə gedirdi. Qapıdan içəri girib gözdən itəndə Bəyyumi üzbəüzdəki kiçik kafedə oturub çay istədi, bir neçə tikə ət yedi və ofisə baxarkən qəlyan yandırdı. Qapı açıldı və kimsə çölə çıxdı. Bəyyumi gözlərinə inana bilmədi - bu, Əbd əs-Səmədin puluna görə öldürüləcək cənab Mahmud idi. Budur, hacı özü qonağı qapıya qədər müşayiət edir, ikisi də gülür. Mahmud arabasına minib yola düşür. Belə ki, o, hələ də özünü Əbd əs-Səmədin dostu kimi göstərir. Necə də ürəksiz və alçaq bir münafiqdir! Bəli, onun qəddarlığına şübhə yoxdur. İndi isə, yəqin ki, onun haqqında, yazıq Bəyyumi haqqında fikirləşir, ona uğurlar arzulayır!.. Nə təhlükəli iş görürsən, Bəyyumi! Və bu gün hər şey edilməlidir. Və sabah nə olacaq? Əgər bacarmasa, kin və intiqam hədəfi olar və yer üzü onun üçün dar olar. Bəli, geri çəkilmək olmaz, aydındır, tanımadığı, düşmənçilik hiss etmədiyi adamı öldürəcək, öldürəcək, çünki başqaları bunu tələb edir.

İş bitməmiş həmişə olduğu kimi saat dörddə ofis daha da canlandı. Əl arabaları həyətə yuvarlandı, işçilər dağılışmağa başladı, pəncərələr bağlandı və hacı Abd əs-Səməd və daha dörd nəfər qapıdan çıxdı. Bəyyumi ayağa qalxmağa hazırlaşdı. Amma sonra gördü ki, bütün dəstə ona tərəf gedir. Kafeyə daxil olub, ondan bir qədər aralıda əyləşdilər.

- Bu fikirdir. Mərhumun ailəsinə qayıtmazdan əvvəl burada bir az dincələcəm, - deyə hacı bildirib.

Bir nimçə gətirdilər. Hamı çay və kofe içməyə başladı.

- Allah sizə rəhmət eləsin, cənab Abdu, - hacı Əbd əs-Səməd ah çəkdi, - Kim ağlına gələrdi ki, sizi bu gün dəfn edəcəyik!

- O, dünən burada bizimlə oturmuşdu, - deyənlərdən biri əlavə etdi.

- Bəli, hər gün bura gəlirik.

Bəyyumi ona rəğbətlə baxdı və onun, həqiqətən, kədərləndiyini gördü. Eybi olmaz, onun səhhəti yaxşıdır. Bu qədər qalın boyun və bu qədər böyük qarnı ilə o istənilən kədərə dözə bilir... Və onu öldürmək çətin olmayacaq. Bu gecə evə qayıtmağa başlayanda hər şey bitməlidir...

- Sabah Yuxarı Misirə getməliyəm? - işçilərdən biri soruşdu.

- Bəli, - deyə hacı cavab verdi, - bu, qızıl sövdələşmədir, belə bir şansı xəyalımıza belə gətirə bilməzdik.

- Nə qədər ödəyə bilərəm?

- Əslində, razılaşdırıldığı kimi, ancaq yüzə qədər artıra bilərsiniz. Razılaşmaya zəmanət verilir.

Eyni zamanda o qədər parlaq təbəssümlə gülümsədi ki, sanki bütün kədərini unutmuşdu.

- Şam namazını buraxmamaq üçün getməliyəm.

- Əlvida, - ona cavab verdilər, - sabah saat beşdə görüşümüzü unutma!

- Saat beş, hə. Geciksəm narahat olma, mütləq gələcəm.

Hacı gələcək haqqında əmin tonda danışanda və ya görüş təyin edəndə Bəyyumi həyəcan keçirirdi. Bəs bu adam niyə öldürülməlidir? Onu, ümumiyyətlə, tanımır. Sadəcə indi ona baxdı. Qəlbində ona qarşı nifrət yoxdur. Hacı ona heç bir pislik etmədi. Niyə öldürmək? Amma bunu etməsə, o zaman onun özünü öldürəcəklər... ya da, bəlkə, həyat yenə də ona gülümsəyəcək... Bəli, və o artıq söz vermişdi... Düşünməmək daha yaxşıdır... Biz inanmalıyıq ki, hər şey yaxşı alınacaq. Ondan kim şübhələnəcək! Onun bu adamı öldürmək üçün bir səbəbi varmı? Doğrudan da, onlar ağıllı şəkildə onu çirkin işlərinə görə seçdilər...

- Növbəti Ramazanda, – hacı Əbd əs-Səməd davam etdi, - biz daha da şanslı ola bilərik. Allah rəhmət eləsin...

“Növbəti Ramazana!” Bu adamın səsini eşitmək necə də acıdır! Deyəsən, o səs Bəyyuminin qulağında heç vaxt cingildəməyəcək!

- Bağışlayın, getmək vaxtıdır - dedi hacı ayağa qalxaraq, - əlvida.

Bəyyumi onun arxasınca çıxdı. Qaranlıq bir küncdə, lampalardan uzaqda gizləndi və ət tikələrini çeynəməyə, kiçik qurtumlarla konyak içməyə başladı. Və içən kimi ürəyi sinəsindən atılmağa hazır idi, qanı qaynamağa başladı. Quran qiraətçisinin səsi ona çatdı. Bəyyumi Əbd əs-Səmədin axırıncı çıxanlardan biri olacağına əmin idi və o, dəlilik girdabına girərək yeyib-içməyə davam etdi. Polis sakit yerişlə yavaş-yavaş yeriyirdi. Bəyyumi titrədi: polis onu görsə, eşitsə və ya sadəcə iyini duysa, dərhal hər şeyi anlayardı, həbsxana kamerasını, vedrələri, çarpayıları, döyülmələri və söyüşləri xatırladan o xüsusi qoxu... Polis keçdi, yenidən qayıtdı, dayandı, silahına söykəndi, sonra onu qoltuğunun altına alıb getdi.

Mərhumun ailəsi ilə birlikdə yalnız bir neçə nəfər qalıb. Bəyyumi pusqudan çıxdı. Ətrafdakı hər şey qırmızı görünürdü. Bıçağı köynəyinin altında hiss edərək Abd əs-Səmədin evinə getdi. Ətraf boş və sakit idi: mağazalar bağlı idi, yoldan keçənlər görünmürdü. Budur, uzun, dar və qaranlıq bir küçənin sonunda tanış bir ev. Bəyyumi dayandı. Buradan hamını aydın görə bilərsiniz və qaranlıq onu gizlədir. Yenidən bıçağı sinəsinə toxundurdu. Zaman yavaş-yavaş ağrılı şəkildə keçdi.

Köhnə saat biri vuranda uzaqdan Əbd əs-Səməd göründü. Amma o, tək deyildi. Bəyyuminin ürəyi döyünürdü. Əgər hacını indi bitirə bilməsə, bir daha buna cəsarət etməyəcək və ölüm hər addımda onun pusqusunda duracaq. Əbd əs-Səməd və yoldaşı artıq küçənin ortasına çatmışdılar. Bəyyuminin boğazında çarəsizlik sıxıldı. Məğlubiyyətini etiraf edib gizləndiyi yeri tərk etmək istəyirdi, amma birdən dayandılar, əl sıxdılar, o biri də yan xiyabana çevrildi. Sonra Əbd əs-Səməd tək getdi. Bəyyuminin əzələləri yenidən gərginləşdi, baxışları amansızcasına yaxınlaşan adamı izlədi. Hacı yavaş-yavaş yeriyir, bir əlində çubuq, digər əlində isə saatının zəncirini oynadırdı. Üzündə yorğunluq və dinclik ifadə olunurdu.

Beləliklə, o, evin qarşısındakı qaranlıq xiyabana girdi, fiqurun konturları yox oldu və o, qaranlıqda hərəkət edən qeyri-müəyyən bir kölgəyə çevrildi. İndi onları bir neçə addım ayırırdı. Bəyyumi bıçağı çəkdi, əlində möhkəm tutdu və şikarına söykənərək ölümcül zərbə vurdu. Kişi astaca qışqırdı, ağır bədəni yelləndi və yıxıldı. Qorxudan titrəyən, bıçağını ölünün sinəsində unudan Bəyyumi qaçmağa tələsdi. O, qan içində olduğunun fərqinə varmadı...

1] Piastr – Misirdə pul vahididir.

[2] Rəbab – şərq musiqi alətidir.

[3] Qiney - Misirdə pul vahididir

[4] Mabyada – Qahirədə küçə adıdır.

Xəbər lenti