Logo

Qara Qarayevin məzarı ziyarət olunub - FOTO

05.02.2023 18:53 259 baxış
IMG

Fevralın 5-də böyük bəstəkar, pedaqoq, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik Qara Qarayevin (1918-1982) anadan olmasının 105-ci ildönümü tamam olur.

Tehsil.biz xəbər verir ki, bu münasibətlə I Fəxri xiyabanda dahi musiqiçinin məzarı ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.

Anım mərasimində mədəniyyət və incəsənət xadimləri, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin kollektivi və digər qonaqlar iştirak ediblər.

Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılığı ilə gələcəyə yeni yollar açan novator sənətkar kimi tanınıb. O, həmçinin böyük bir bəstəkarlıq məktəbi yaradıb. Həmin məktəbin yetirmələri bu gün Azərbaycan musiqisinin dünyaya tanıdılmasına öz töhfələrini verirlər.

Qara Qarayevin hər bir əsərinin premyerası Azərbaycan musiqi tarixində xüsusi hadisəyə, sənət bayramına çevrilib. Dahi sənətkarın əsərləri keçmiş SSRİ respublikalarında, ABŞ, Polşa, Misir, İspaniya, İtaliya, Fransa, Yaponiya və Almaniyada keçirilən möhtəşəm musiqi tədbirlərində müvəffəqiyyətlə səsləndirilib.

Bəstəkarın mütəfəkkir şair Nizami Gəncəvinin “Yeddi gözəl” poemasından bəhrələnərək yaratdığı “Yeddi gözəl” və Cənubi Afrika yazıçısı Piter Abrahamsın romanı əsasında yazdığı “İldırımlı yollarla” baletləri müəllifinə dünya şöhrəti qazandırıb. Müəllifin “Birinci simfoniya”sı Azərbaycanın ilk simfoniyaları arasında mühüm yer tutur. “Don Kixot” simfonik qravürləri, “Vyetnam süitası” əsərləri Qara Qarayev yaradıcılığının dəyərli səhifələridir. O, həmçinin Cövdət Hacıyevlə birlikdə “Vətən” operasının müəllifidir. 24 prelüd silsiləsi, skripka və fortepiano üçün sonata, romans və kantatalar yazan Qara Qarayev “Uzaq sahillərdə”, “Onun böyük ürəyi”, “Bir məhəllədən iki nəfər”, “İnsan məskən salır”, “Nizami” və s. filmlərə, teatr tamaşalarına ölməz musiqilər bəstələyib.

Xəbər lenti