Logo

“PİLLƏ 2” Tələbə Tamaşa Festivalına qəbul elan edilir

04.02.2023 16:20 327 baxış
IMG

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) 100 illik yubileyi münasibətilə “PİLLƏ 2” Tələbə Tamaşa Festivalına qəbul elan edilir.

Bu barədə "Tehsil.biz"ə ADMİU-dan məlumat verilib.

Bildirilib ki, iyunun 5-dən 9-dək keçiriləcək festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini fəallaşdırmaq məqsədlərini hədəfləyir.

Festivalın qalibləri ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimlərindən ibarət münsiflər heyətinin qiymətləndirməsi əsasında “Ən yaxşı tamaşa”, “Ən yaxşı kişi rolu” və “Ən yaxşı qadın rolu” nominasiyaları üzrə müəyyənləşdiriləcək. Qaliblərə münsiflər heyətinin və gənc tənqidçilərin xüsusi mükafatları təqdim olunacaq.

Festivalda ADMİU-nun və digər universitetlərin bakalavr və magistr tələbələri tamaşa ilə iştirak edə bilər. Müsabiqəyə göndərilən tamaşalara janr və mövzu məhdudiyyəti qoyulmur. İştirakçılar tamaşaların posterini və müraciət formasını təşkilat komitəsinə təqdim etməlidirlər. Müsabiqəyə təqdim edilən materiallar mayın 20-dən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Son tarixdən gec göndərilən və tələblərə cavab verməyən tamaşalar müsabiqəyə qəbul olunmayacaq. Təşkilat komitəsi festivala təqdim edilən tamaşaların seçimi və müsabiqə proqramının tərtibi hüququnu özündə saxlayır.

Təqdim edilməli materialların və sənədlərin siyahısı ilə ADMİU-nun saytında tanış olmaq mümkündür.

Xəbər lenti