Logo

Coğrafiya fənni üzrə hazırlıq kursunun növbəti məşğələsi keçirilib

03.02.2023 18:55 183 baxış
IMG

Bu gün Dövlət İmtahan Mərkəzində coğrafiya fənni üzrə qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kursunun növbəti məşğələsi keçirilib.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, hazırlıq kursu həm əyani, həm də onlayn formada keçirilib.

Hazırlıq kursunda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası coğrafiya fənni olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.

Hazırlıq kursunda DİM-in sektor müdiri Aydın Qasımov “Azərbaycan Respublikasında buraxılış və qəbul imtahanlarında yazı işlərinin qiymətləndirilməsi texnologiyası” mövzusunda təqdimatla çıxış edib. Təqdimat kurs iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Məşğələdə Bakı şəhəri üzrə qeydiyyatdan keçmiş iştirakçılar cavabı yazı ilə ifadə olunan tapşırıqların kompüterdə xüsusi proqram vasitəsilə yoxlanılması (kalibrləmə) prosesindən keçiblər. Regionlardan olan iştirakçılar DİM-in müvafiq Regional bölməsində kalibrləmə prosesindən keçəcəklər.

Kalibrləmə prosesindən keçmiş müdavimlərə DİM-in sertifikatı təqdim ediləcək. Onların şəxsi məlumatları Mərkəzin elektron “Məlumat bazası”na daxil ediləcək və onlar cavabı yazı ilə ifadə olunan tapşırıqların yoxlanılmasına (marker kimi) cəlb olunacaqlar.

Xəbər lenti