Logo

“İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qalibləri mükafatlandırılıb

02.02.2023 19:07 316 baxış
IMG

Fevralın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İlin gənc alimi və tədqiqatçısı” müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, tədbirdə çıxış edən rektor Cəfər Cəfərov bildirib ki, müsabiqənin mükafatlandırma mərasiminin məhz Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunan Azərbaycan Gəncləri Günündə keçirilməsi rəmzi məna daşıyır. Bütün sahələrdə olduğu kimi, elmi-tədqiqat sahəsində də gənclərin aktiv iştirakı olduqca vacib məsələdir və bu istiqamətdə Pedaqoji Universitetdə sistemli işlər görülür.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov müsabiqə haqqında məlumat verib. Prorektor vurğulayıb ki, müsabiqə ötən il fəal, səmərəli fəaliyyət göstərərək yüksək elmi nəticələrə nail olmuş, nüfuzlu jurnallarda dərc edilmiş məqalələri, monoqrafiya, dərslik, dərs vəsaiti və digər əsərləri olan, eyni zamanda, ADPU-nun və filiallarının ictimai-siyasi həyatında fəaliyyəti ilə fərqlənmiş doktorant və tədqiqatçıların müəyyənləşdirilməsi və mükafatlandırılması məqsədilə keçirilir. Qaliblər 2 nominasiya üzrə “İlin gənc alimi və tədqiqatçısı” adını alır, diplomla təltif edilirlər.

Prorektor qeyd edib ki, cari ildə müsabiqəyə təqdim olunmuş 20 müraciət arasında aparılan seçimlər nəticəsində “Dəqiq və təbiət elmləri” nominasiyası üzrə biologiya üzrə fəlsəfə doktoru Bəsti Əsədova I yerə, riyaziyyat üzrə fəlsəfə doktoru Xədicə Qocayeva II yerə, Zöhrə Əsgərova III yerə, “Humanitar və ictimai elmlər” nominasiyası üzrə isə siyasi elmlər üzrə fəlsəfə doktoru Riyad Rüstəmli I yerə, pedaqogika üzrə fəlsəfə doktoru Aysel Şeydayeva II yerə, fizika üzrə fəlsəfə doktoru Könül Həsənova III yerə layiq görülüblər.

Beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, professor Təyyar Salamoğlu, ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri İlkin Əsgərov, kafedra müdiri dosent Könül Səmədova və müsabiqə qalibləri öz təəssüratlarını bölüşüb, elmin inkişafı üçün yaradılan münbit şəraitdən söz açıblar.

Sonra qaliblər mükafatlandırılıb.

Xəbər lenti