Logo

Şəkidə bir qrup gənc müəllimlə görüş keçirilib - FOTOLAR

02.02.2023 11:48 262 baxış
IMG

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2 Fevral Gənclər Günü münasibətilə şimal-qərb bölgəsinin ümumi təhsil müəssisələrində çalışan bir qrup gənc müəllimlə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva və gənc müəllimlər iştirak ediblər.

İlk olaraq, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev gənc müəllimləri təbrik edərək, 2 Fevral Gənclər Gününün tarixindən bəhs edib. Hər il 2 fevralın ölkəmizdə Gənclər Günü kimi qeyd edildiyini söyləyən idarə müdiri Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. B.Mehdiyev həmçinin, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İdarə müdiri son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirildiyindən danışıb. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyini bildirib.

Daha sonra AGMA-nın sədri Rüfət Əsədzadə Azərbaycanda uşaq, yeniyetmə və gənclərin hərtərəfli inkişafı, onların bilikli, savadlı və sağlam böyümələri, milli-mənəvi dəyərlərimizə hörmət və vətənpərvər ruhda tərbiyə almaları üçün təhsil müəssisələrində görülən işlərdən, həyata keçirilən tədbirlərdən söhbət açıb.

ATİAHİ-nın Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasəti çərçivəsində görülən işlərdən, bilavasitə gənclərin fəal iştirakı ilə həyata keçirilən tədbirlərdən danışıb, təhsil işçilərini əlamətdar gün münasibətilə təbrik edib.

Tədbirə dəvət olunan gənclər çıxış edərək Azərbaycan gəncliyinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlıqlarını bildirib, gənc nəslin təlim-tərbiyəsi sahəsində daha səmərəli fəaliyyət göstərəcəklərinə əminliklərini ifadə ediblər.

Sonda ədəbi-bədii kompozisiya nümayiş olunub.

Xəbər lenti