Logo

Gömrük Akademiyasında elmi tədbir keçirilib

30.01.2023 17:23 242 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında Azərbaycan gömrüyünün yaradılmasının 31 illiyinə həsr olunmuş “Müstəqil Azərbaycanın gömrük sistemi-31 il” adlı elmi tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, akademiyanın əməkdaşlarının və tələbələrinin iştirakı ilə keçirilən tədbirdə ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Cəmilə Namazova iştirakçıları salamlayaraq gömrük əməkdaşlarını peşə bayramları münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan gömrüyünün yaranma tarixindən bəhs edən C. Namazova yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, gömrük sistemində də islahatlar aparıldığını, Dövlət Gömrük Komitəsinin fəaliyyətində ciddi dönüş yarandığını qeyd edib. Rəis müavini məhz Heydər Əliyevin gömrük sisteminin modernləşməsinə yönələn iqtisadi siyasəti və Prezident İlham Əliyevin bu sistemin təkmilləşdirilməsi işini daim diqqət mərkəzində saxlaması nəticəsində Azərbaycanda dünya standartlarına uyğun gömrük xidməti formalaşdığını bildirib.

Daha sonra “Hüquq və humanitar elmlər” kafedrasının baş müəllimi Şahin Hüseynov gömrük orqanlarının hüquq mühafizə xidmətləri barəsində danışaraq tələbələrin bu sahədə bilik və bacarıqlarının artırılmasına dair tövsiyələr verib.

Elmi tədbirdə tələbələrin müasir gömrük sisteminin formalaşmasında Ümumilli lider Heydər Əliyevin rolu, müstəqil Azərbaycan gömrüyünün keçdiyi dinamik inkişaf yolu, gömrük xidmətində beynəlxalq əlaqələr və s. mövzularda Azərbaycan və ingilis dillərində məruzələri dinlənilib, təqdimatları nümayiş etdirilib.

Tədbirdə həmçinin gömrük sistemində şəffaflığın təmin olunması, idarəçiliyin təkmilləşdirilməsi, elektron xidmətlərin sayının artırılması və digər sahələrdə aparılan islahatlarla bağlı müzakirələr aparılıb.

Sonda Akademiyanın rəis müavini əməkdaşların və tələbələrin elmi tədqiqat fəaliyyətlərinin gömrük orqanlarında aparılan islahatlara və aktual məsələlərə uyğun aparılmasının nəzərdə tutulduğunu qeyd edərək tələbələri onların elmi potensialının üzə çıxarılması istiqamətində təşkil edilən müxtəlif formatlı elmi tədbirlərdə aktiv iştirak etməyə çağırıb.

Xəbər lenti