Logo

Lütfi Zadənin dövrü, dünyagörüşü, fəlsəfi baxışları

30.01.2023 13:13 248 baxış
IMG

XXI əsr. Lütfi Zadənin Azərbaycan və Azərbaycançılıq “dövrünün” zirvəsi   

2000-ci il. III minilliyin birinci əsrinin ilk ilidir. Beləcə, 2000-ci ildən dünya üçün də, hər bir cəmiyyət, hər bir fərd üçün yeni əsr başlayır. XX əsr bütün dünya miqyasında öz mürəkkəb, başqa cür desək qatmaqarışıq üsyan, inqilab, müharibələr, hələ “Xerosima, Naqasaki, Çernobıl, Xocalı, sonra “yenidənqurma”, daha sonra XVIII əsrdən bəri aşkar dağıdıcı mahiyyətdə gizli - “dünya nizamı” hadisələri ilə arxada qalsa da demək olmaz ki, o bəşəriyyətdən və ya bəşəriyyət ondan tam qopmuşdur. Davamını gözləyən saysız çağırış bu minilliyin yola saldığımız əsrdən asılılığını təsdiqləyir. Ona görə də əlaqəlilik prinsipi XXI əsrdə dünyanı yenidən qurmaq üçün rasional siyasi, iqtisadi, elmi, sosial-mədəni ideyalar, liderlərdən qərarlar gözləyir.

İndi III minilliyin 3-cü onilliyinin ilk illəridir. Deməli dönüb arxaya baxdıqda çağırışlara “cavabların” vəziyyətini aydın görüb, qiymətləndirmək olur. Bu baxımdan diqqət etdikdə XXI əsrin başlanğıcından dahi Lütfi Zadənin ömrünün sonuna kimi yeni dünya nizamına, yəni yeni minilliyin elmi-texniki tərəqqiyə verdiyi fayda danılmazdır və məzmunu ilə metaforasız doğrudan uca dağlar boyda görünür. Bu həm də bir fərd olan alimin öz inkişafı, uğurlar zirvəsinə yüksəlməsi, geniş planetdə öz elmi ideyaları və bunlarla bərabər ixtiraları, tətbiqi nəticələri ilə konkret bir şəkildə tanınması, məşhurlaşması deməkdir.

Bu isə dərkdə, dəyərlənmə sahəsində ilk növbədə alimin “dövrünə” aid məsələdir. Beləcə, qəti şəkildə deyə bilərik ki, XXI əsr, III minilliyin 3 il çıxılmaqla ilk iki dekadası dünya şöhrətli alim Lütfi Zadənin Azərbaycan “dövrünün” zirvəsidir.  Lütfi Zadənin Azərbaycan “dövrünün” zirvə mahiyyətini onun elmi əlaqələri ilə bərabər dərin mənəvi əhəmiyyət kəsb edən, insanı şüur olaraq son nəfəsə qədər müşayət edən, həmçinin də milyonların birləşdiyi vətən məfhumundan qaynaqlanan hisslərini açıq-aydın ifadə edərək Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” tarixi ideyasına, səsinə okeanlar qədər uzaqlıqdan bütün varlığı ilə səs verməsi həqiqətləri təsdiq edir.

Bu dövr həm də Azərbaycanla yanaşı, alimin dünya xəritəsində öz elminin, öz kəşflərinin möhrünü vurduğu bir dövrdür. Ancaq o bu dövrdə də 70 illik həyatını həsr etdiyi Amerikadan artıq dərəcədə vətəni Azərbaycanda özünə və elminə diqqət, hörmət, dəyər görüb. Elə buna görə  də özünə son mənzil Azərbaycanı seçib. Əlbəttə bu məsələ əsasən onun dünyagörüşünü və eləcə də fəlsəfi baxışlarını ifadə edir və biz bu haqda irəlidə - tədqiqatın həmin mövzuya aid hissələrində bəhs edəcəyik. İndisə məqamı olduğu üçün dahi alimin oğlu Norman (Nəriman) Zadənin atasının Azərbaycanda dəfn olunmaq vəsiyyətini əsaslandırmasını burda önə çəkmək istərdik. “Oxu. az” saytında yayımlanmış “Lütfi Zadənin oğlu: Düşünürəm ki, atamın arzusu əsassız deyil” müsahibəsindən oxuyuruq: “- Atanızın Azərbaycanda dəfn edilmək arzusu ilə bağlı nə etməyi düşünürsünüz?  

- Mən Azərbaycanın Los-Anclesdəki konsulluğuna müraciət etməyi planlaşdırıram. Anladığım qədəriylə, Azərbaycan prezidenti də onun Bakıda dəfn edilməsini istəyir. Bu barədə Azərbaycan Respublikasının Prezidentindən e-mail də almışam. Atamın dünyadan köçəcəyi həmin qorxunc gün gəldiyi zaman onun nəşinin Bakıya göndərilməsini təşkil edəcəyəm. İnanıram ki, professor Şahnaz xanım da bu işdə mənə kömək edəcək.

- Siz professor Şahnaz Şabanovanı haradan tanıyırsınız?

- Şahnaz xanım mənim atamın dostudur və atamın qayğısına qalır. Mən onu, sadəcə, bir və ya iki dəfə görmüşəm. İnanıram ki, o, atamın nəşinin Azərbaycana göndərilməsinsdə mənə kömək edəcək. Bu haqda konsulla görüş zamanı ətraflı məlumat alacam. Ola bilsin ki, mən işi Şahnaz xanımla yox, bir başa konsulluqla həll edim.

- Bəziləri ona görə atanızın Azərbaycanda basdırılmaq istədiyinə inanmırlar ki, ananız ABŞ-da dəfn edilib…

- Əslində onlar hər ikisi yandırılmaq istəyirdilər. Bu, o deməkdir ki, onlar küllərinin basdırılmasını istəyirdilər. Mən də istərdim ki, onları yan-yana ABŞ torpağında dəfn edəm. Ancaq atam fikrini dəyişdi və Azərbaycanda dəfn olunmaq istədi. Mənə sadəcə, onların arzularını yerinə yetirmək qalır və bununla bağlı deyə biləcəyim heç nə yoxdur.

Anamın Azərbaycanda dəfn edilməsi üçün heç bir səbəb yox idi. Eləcə də, əgər atam ömrünün sonlarına yaxın Azərbaycanda ABŞ-dan daha çox sevildiyini anlayıbsa, düşünürəm ki, bu arzusu heç də əsassız deyil. O, azərbaycanlıdır, Azərbaycanda doğulub və orada dəfn olunmaq istəməsi tamamilə məntiqli addımdır.

- Bu məsələyə müxtəlif yanaşmalar oldu… Bəziləri deyir ki, Lütfi Zadə Azərbaycanı sevmir.

- O, Azərbaycanı çox sevir. Əgər uzun illər Amerika Birləşmiş Ştatlarında yaşadığı halda, Azərbaycanda dəfn edilmək istəyirsə, deməli, Azərbaycana bağlıdır. Onun öz həyatını dərindən götür-qoy etməsi üçün xeyli vaxtı olub. Atam ABŞ-ı çox sevir, ancaq əminəm ki, Azərbaycanı daha çox sevir”.

Göründüyü kimi bu müsahibə qeyd-şərtsiz olaraq Lütfi Zadənin bütün dünya ilə müqayisədə Azərbaycana üstünlük verdiyini təsdiq edir. Deməli, onun “dövrünün” dərkində Azərbaycan dövləti və xalqı birmənalı olaraq əsas təşkil edir.

Məqamı olduğu üçün Azərbaycandan 86 il çox-çox uzaqlarda yaşamış və dinclik bilmədən həm də elmin ən ağır bir sahəsi riyaziyyat, məntiq hələ kosmik tədqiqatlar, süni intellekt, elektrotexnika, robot texnikası və s. elmi fəaliyyətlə məşğul olmuş kəşflər etmiş və dünya elminin lider alimlərindən biri Lütfi Zadə oğul övladına Azərbaycanın tanınan adlarından Nəriman adını düşünüb qoymuşdur. ABŞ mühiti Lütfəlini Lütfi, soyadı Ələsgərzadəni Zadeh “etdiyi” kimi Lütfi Zadənin 1954-cü ildə dünyaya gəlmiş və alimin öz milli mentalitetinə uyğun nər - cəsur mənasını ifadə edən Nəriman adını daşıyan oğlunu da “Norman”, “Norm Zada”, “Dr. Norman Zadeh” kimi tanıtmış və tanıtmaqdadır. Amma dahi Lütfi Zadənin ailəsində hökm sürən əxlaq Normana Nəriman olduğunu dərk etdirmiş və o bu adı daşıdığını milli təəssübkeşliklə etiraf edir: “Adım Nərimandır. ABŞ-da Norm Zadə, Azərbaycanda isə Norman Zadə kimi tanınıram” .

Onu da vurğulamaq yerinə düşər ki, XX əsrdə o Rusiya, “Sovetin Rusiyası”,  o cümlədən “Sovetin Azərbaycanı” ilə peşəkar elmi mübadilədə olsa da onun üçün bu münasibətlərin bir şah damarı vardı:Azərbaycan. Elə Rusiya da onun “Sovet Azərbaycanından” çıxmış alim kimi tanıyıb qəbul edib. Lütfi Zadənin doğma Azərbaycanı ilə rəsmi və mənəvi əlaqələrinin bərpasında Rusiyanın rolu danılmazdır və əlahəddə əhəmiyyət kəsb edir. Bir anlığa təsəvvür edək ki, 1960-cı illərdə ABŞ və Avropa kimi Rusiya da onun elmi kəşflərini rədd edəydi. İkincisi tutaq ki, Lütfi Zadə 1965-ci ildə Rusiyaya beynəlxalq konfransa gəldiyi vaxt Azərbaycana - Bakıya getmək istəyini bildirdikdə rus siyasi aparatı ona icazə verilməsəydi, necə  olacaqdı? – Cavab aydındır: O bir ömür, ən azı XXI əsrə kimi doğma Azərbaycanına qovuşmayacaqdı. Bununla da bu gün tədqiq etdiyimiz  “alimin dövrü” hadisəsi bu qədər dolğun, parlaq, rəngarəng olmayacaqdı. Bu isə təbii olaraq onun dünyagörüşünə də, fəlsəfi baxışlarına da öz mənfi təsirini göstərmiş olacaqdı. Beləliklə, vətəni Azərbaycanın daxil olduğu Sovet İttifaqı etimad göstərməsəydi Lütfi Zadə ABŞ, Avropa, eləcə də bütün dünyanın dərk edib, tanımadığı minlərlə uğursuz taleli alim kimi  burulğanlarda adiləşəcəkdi. 

Çox təəssüfedici bir gerçəkdir ki, öz kəşfləri ilə milyonlarla insana faydalı olmuş Lütfi Zadəyə Nobel mükafatı verilməmişdir.  

Yəqin ki, Avropanın, elə bütün dünyanın müasir gəncliyi heç bilmir ki, Nobel mükafatının təsis edilməsində Azərbaycanın böyük təsiri olmuşdur. Belə ki, Nobel qardaşları kasıb, sadə, hətta facili taleyi olan İsveç ailəsində böyümüşlər. Ataları İmmanuel Nobel 1833-cü ildə müflis olduqdan sonra İsveçi tərk edərək Rusiyanın Sankt-Peterburq şəhərinə köçmüşdür. O Sankt-Peterburqda əvvəlcə onu çox zənginləşdirən hərbi texnikanın təmiri işi ilə məşğul olmuş, dəniz minalarının mexanizmlərini kəşf etmiş, bu elmi sahəni inkişaf etdirmiş, habelə mexaniki sənaye üçün dəzgahlar və radiatorlar, binaların mərkəzi istilik sisteminin isti su ilə işləməsi üçün texnika ixtira etmişdir. Lakin 1853-1856-cı illərdə Rusiyanın Türkiyə ilə apardığı Krım müharibəsi zamanı İmmanuel Nobel yenidən müflisləşmiş, idarəçilikdə məhdudiyyətlərlə qarşılaşdıqda məcbur olub oğlu Lüdviqi ailə müəssisəsinə rəhbər təyin etmişdir. 2 oğlu - Alfred və Emill onunla Sankt-Peterburqda qalmış ailənin bir hissəsi (həyat yoldaşı və 2 oğlu) isə iş qurmaq məqsədi ilə İsveçə qayıtmışdır. 1864-cü ildə iş yerlərində partlayış olmuş, İmmanuel Nobelin oğlu Emil və bir neçə nəfər həlak olmuşdu. Bu faciəyə dözə bilməyən İmmanuel Nobel insult keçirmiş, ömürlük iflic olmuşdur. Bununla da ailənin biznes işləri Sankt-Peterburqda digər qardaşa, Alfredə həvalə olunmuşdur. Rusiyada kimya elmi üzrə təhsil almış Alfred bu sahədə elmi tədqiqatlar aparıb və kimya üzrə doktor dərəcəsini qazanmışdır. Qısa müddətdə Alfred və digər qardaşların kimya elmi sahəsi üzrə kəşfləri dünyaya səs salmışdır. Məhz bu zaman və burada Nobel qardaşlarının əsl mənada zənginləşəcəkləri, məşhurlaşacaqları Azərbaycana səfərləri başlamışdır. Beləki,bu səfərlər Lüdviqin yeni ixtirası –  tüfəng istehsal etmək məqsədilə olub. Robet və Lüdviq həmin tüfəngin hazırlanması üçün lazım olan “dəmir ağacın” Azərbaycanda olduğunu öyrəndikdə idxal xərclərini düşünərək Qafqaz meşələrində tədqiqatlara start veriblər. Robert Nobel Azərbaycana, Bakıya gəldikdə isə torpaqlar üzərindən görünən qara (yağlı) parıltılı neft diqqətini cəlb edib. O burdan böyük gəlir götürəcəklərinə əmin olaraq Bakıda “Qara şəhərdə” fəaliyyət göstərən “Tiflis Neft Kompaniyasından” 1000 sterlinə, indiki məzənnə ilə təxminən 4000 manata kiçik bir neft şirkəti alıb. Lüdviq Nobel əvvəl-əvvəl buna inanmayıb və necə deyərlər, bu işə baş qoşmayıb. Ancaq üçüncü qardaş - Alfred  Lüdviqdən fəqli olaraq Robeti dəstəkləyib, onu həvəsləndirib. Alfred Bakı neftinin Fransa kimi inkişaf etmiş bir dövlətin neft bazarında xüsusi dəyər daşımasını, hətta bu işə sərmayə qoymağa hazır olduğunu qardaşlarına bildirib. Bu nikbinliklə Nobel qardaşları Bakının yaxınlığında yerləşən bol neft çıxan Sabunçu kəndində şirkətləri üçün bina tikirlər, neft istehsalında tələb olunan avadanlıqlar alır, peşəkar işçilər axtarıb tapır və beləliklə, yüksək gəlir əldə etməyə başlayırlar. Bu sahədə öz bacarıqlarını gün-gündən genişləndirən Nobel qardaşları Azərbaycanın paytaxtı Bakıda da şirkətlər qurub həm ölkəmizdə neft sənayesini ikişaf etdirir, həm də zənginləşdiriblər. Nobel qardaşları beləcə qısa müddətdə Azərbaycanın neft sənayesi sahəsinə sahiblənmişlər. 

Azərbaycanın neftindən götürdükləri gəlir hesabına Nobel qardaşlarının variadatının həcmi XX əsrin ilk dekadasında artıq elə bir həddə çatır ki, onlar elmin inkişafı məqsədi ilə Nobel mükafatı təsis etmək qərarına gəlirlər və 1901-ci ildən başlayaraq dünya elmində fərqlənən alimlərə Kimya, Fizika, Fiziologiya və tibb, Ədəbiyyat, İqtisadiyyat elmi sahələri və ayrıca Sülh Nobel mükafatları verilir. Nobel mükafatının məbləği təxminən 1.5 milyon ABŞ dollardır.     

Nobel mükafatını hətta 2 dəfə alanlar, ondan imtina edənlər, alimin vətəndaşı olduğu ölkənin siyasi hakimiyyəti tərəfdən alınasına qadağan qoyulanlar olmuşdur. Ancaq təəssüf ki, Azərbaycan əsilli dahi alim “Hitachi”, “Matsushita”, “Mitsubishi”, “Sharp”, “Nissan”, “Canon”, “Fuji”, “Electric”, “Toshiba”, “Omron”, “Sanyo”, “Sony Trinitron”, “Daewoo”, “Samsung”, “Nec”, “Honda” kəşfləri, eləcə də Amerikanın kosmik uçuşlar sənayesində, “General Motors”, “General Electric”, “Motorola”, “DuPont”, “Kodak” kimi məşhur brend malları, dünyada ilk “Alter” robotu, süni intellekt, qeyri-səlist məntiq, çoxluqlar nəzəriyyəsi ilə dünya elmini inkişaf etdirmiş Lütfi Zadə Nobel mükafatına çox-çox layiq olsa da laureat ola bilməmişdir. Öz müsahibələrində nə maiddiyyət, nə də şöhrət maraqlısı olmadığını anladan Lütfi Zadəyə bu  haqsızlıq nümunəsidir.   

Lütfi Zadəyə bir çox əsaslarla layiq olduğu və ömürlük üzvü seçildiyi süni intellekt sistemi sahəsində Nobel mükafatına bərabər tutulan məşhur Alan Turing mükafatı da verilməmişdir.

Lütfi Zadənin Nobel mükafatçısı olmaması məsələsi gerçəkdən düşündürücüdür. Sual yaranır: bu qədər məşhur və əsas da dolğun elmi fəaliyyəti olan, dünyada inqilab edən kəşflərin sahibi Lütfi Zadə niyə bu nüfuzlu mükafatı ala bilməmişdir? Bəlkə səbəb onun mükafatın verildiyi Avropla ilə bağlı olmamasıdır? Ancaq ABŞ-dan 400-dən çox Nobel laureatı olmuşdur. Bəlkə ABŞ-ın müəyyən dairələri buna mane olmuşdur? Fikrimizcə, bu ağlabatandır. Çünki “Ona hücumlar olmuş, hətta 1989-cu ildə ABŞ-ın Milli Elm Cəmiyyəti Lütfi Zadənin qeyri-səlis məntiqə aid dərsliklərinin elmi kitabxanalardan yığışdırılması, müsadirə edilməsi, “yalançı elm” olduğu üçün tədris proqramlarından çıxarılması məsələsini ortaya atmışdı” .

Bir ştrixi də yada salmaq maraqlı olar. Lütfi Zadə kimi Azərbaycan əsilli, görkəmli alim Lev Landau 1962-ci ildə Nobel mükafatçısı olub. Lev Landau ilə müqayisədə Lütfi Zadə daha güclü alimdir. Həm də Lütfi Zadə yenə Landau ilə müqayisədə xalis ziyalı-şəxsiyyətdir. Bu iki alimin elmi və tale yolları Lütfi Zadənin xeyrinə daha uğurlu və işıqlıdır. Beləki Lütfi Zadə tarixdə bir şəxsiyyət olaraq necə qalıbsa Landau bunun əksi kimi tanınıb. Bununla da göründüyü kimi ədələt prinsipi pozulmuş, Azərbaycan əsilli dahi alim, təcrübədə də sınanıb bütün dünyada qəbul edilmiş (yuxarıda adlarını sadaladığıımız) kəşfləri ilə və parlaq şəxsiyyəti ilə bir zirvə olan Lütfi Zadənin təəssüf ki, Nobel təşkilatçıları tərəfindən haqqı tapdanmışdır. Həm də 2 dəfə tapdanmışdır. 

Bu deyilənlərə əlavə olaraq göstərmək istərdik ki, müəyyən illər Azərbaycan əsilli dahi alimə elmdə yeniliklərinə görə bəzi dairələrin nümayiş etdirdikləri əks münasibət “hücumlar” elmi-obyektivlikdən uzaqlığı ilə tarixin lazımsız məlumatlarına çevrilərək atılmışdır. Bir məqalədə deyildiyi kimi “Yaxşı ki, Amerika Milli Elm Cəmiyyəti tərəfindən həyata keçirilən bu “təmizləmə” əməliyyatı alınmamışdır. Çünki artıq professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsi öz praktiki bəhrəsini verməyə başlamışdı. Bu nəzəriyyə ilkin olaraq dünya informasiya texnologiyalarında çox ciddi dəyişikliklərə səbəb olmuş, diqqətçəkən irəliləyişlər yaratmışdır. Həmin səbəbdən də başabəla elm məmurları bu yeni riyazi fənnin və onun tətbiqinin inkişafını dayandıra bilməmişlər. Professor Lütfi Zadənin bu elmi nəzəriyyəsi Yaponiyanın nəhəng sənaye və elektron şirkətlərində geniş tətbiqini tapmışdır. Mükafatlara o qədər də meyilli olmayan dahi alimin aldığı mükafatlar yetərincədir. O, müxtəlif vaxtlarda Yaponiyanın elmə ayırdığı ən nüfuzlu “Honda” və “Okaha” mükafatlarını almış, bir vaxtlar idarəetmə sahəsinə əvəzsiz elmi töhfələr bəxş etmiş və İEEE-nin fəxri qızıl medalına layiq görülmüş dörd nəfərin (Harri Niquist, Riçard Belman, Rudolf Kalman və Karl Astrom) sırasına daxil edilmişdir. O, İEEE-nin, AAAC-ın, ASM-nin, AAAY-nin üzvü seçilmiş, “Qriqor Moisil”, “Rudolf Oldenburqer”, “Riçord V.Hamminq”, “Kemne de Feriye” və onlarca başqa qızıl medal və fəxri nişanlara layiq görülmüşdür”. Ötəri diqqət yetirsək görərik ki, Lütfi Zadə 96 illik uzun və dəyərli ömrünün 70 ilindən çoxunu bəxş etdiyi elmi fəaliyyətində bütün dünya üzrə çox nüfuqzlu 14 elm mükafatını qazanmışdır. 

Mənəvi tərəfdən onun ən böyük mükafatı özünün dəfələrlə vurğuladığı kimi Azərbaycanda aldığı ilk 4 illik təhsildir. Sonakı “Mükafatı” İra “dövründəki” təhsili, daha sonrakılar Kolumbiya Universitetində sistem nəzəriyyəsi üzrə təhsili, MIT Universitetinin Elektrik Mühəndisliyi Departamentinin təlimatçısı dərəcəsi (1968); IBM Korporasiyasının tədqiqat laboratoriyalarının alimi, Kaliforniya (1968-1973-1977); daha sonrakı “Mükafatı” Kaliforniya Stenford Universitetində alim dərəcəsi (1987-1988); Amerika FELLOW İnstitutunun baş elmi işçisi; GUGENHEIM Mərkəzinin yüksək rütbəli üzvü; Amerika Mühəndislər Akademiyasının baş elmi işçisi; CYBERNETICS Dünya Konqresinin yüksək səviyyəli üzvü; Avstriya Kibernetika Araşdırma Mərkəzinin fəxri üzvü; Rusiya Elmlər Akademiyasının üzvü; Yaponiyanın HUNDAI fabrikindən alim mükafatı və digər ölkələrdən Honda mükafatı (1989) Riçard Hamminq medalı , (1992), Campe de Ferrier Mükafatı (1992), Rufus Oldenburger medalı (1993), IEEE Şərəf medalı (1995), Okawa mükafatı (1996), Egleston medalı (2007), Benjamin Franklin medalı (2009) beləcə 14 yüksək elm mükafatıdır. 

Bir məsələni də nəzərə alaq ki, məşhur alim bu mükafatları elmi sisteminin və kəşflərinin yaranıb tətbiq olunduğu 1965-ci ildən 25 il sonra almağa başlayıb. 

Ancaq müqayisə edilsə, dahi alimi 70 illik fəaliyyətində ən böyük dəyəri Azərbaycanda görüb. Gerçək faktlar təsdiq edir ki, Lütfi Zadənin XXI əsrdəki dünya şöhrətinin əsasında zirvəsinə yüksəldiyi ABŞ elmi və Azərbaycançılıq ənənələrini qoruyub inkişaf etdirən Azərbaycan elmi onun arxalandığı Azərbaycan dövləti dayanır. “Dövr” kimi səciyyələndirilən bir fenomendə isə dahinin Azərbaycan və Azərbaycançılıq ideyalarına bağlılığı ən zəngin mərhələni təşkil edir. Müstəqil Azərbaycan və cəmi 1-cə səfər 2008-ci il.

Davamı olacaq

Xatirə QULİYEVA,
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə elmləri doktoru

Xəbər lenti