Logo

BAAU Strateji inkişaf üzrə komitədə təmsil olunur

27.01.2023 17:48 281 baxış
IMG

“Azərbaycanda Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Strateji inkişaf üzrə komitənin ilk iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, Bakı Avrasiya Universitetini iclasda “Regionşünaslıq və İqtisadiyyat” fakultəsinin dekanı, dosent Mütəllim Rəhimov təmsil edib. 

Əvvəlcə strateji inkişaf məsələləri  üzrə müzakirələrin aparılması, komitənin funksiyaları, komitə sədrliyinə namizədliyə dair tələblər, idarə heyəti və sədrinin seçilməsi qaydaları müzakirə olunub. Müzakirələrin gedişində tərəfdaşların rəyləri dinlənilərək müvafiq düzəlişlər edilib.  

İclas zamanı 2 nəfərin namizədliyi idarə heyətinin sədri vəzifəsini tutmaq üçün irəli sürülüb. 85.7 % səs çoxluğu ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və İnnovasiya üzrə prorektoru Araz Aslanlı idarə heyətinin sədri seçilib. Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektoru filologiya elmləri doktoru, professor Sevinc Zeynalova və Azərbaycan Turizm və Menecment Universitetinin Keyfiyyət təminatı şöbəsinin müdiri Faina Qaçabəyova sədrin müavinləri seçiliblər. 

Qeyd edək ki, ECAR layihəsi çərçivəsində yaradılacaq Azərbaycan Rektorlar Konfrasının tərkibində 5 komitənin – Beynəmilləlləşmə üzrə, Tədris işləri və keyfiyyət təminatı üzrə, Elmi işlər üzrə, Strateji inkişaf üzrə və Tələbə və məzunlarla iş üzrə komitələrin fəaliyyəti nəzərdə tutulub. 

Tədbir Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə icra olunan Erasmus+ layihəsi çərçivəsində həyata keçirilib.

Xəbər lenti