Logo

MDU əməkdaşının həmmüəllifliyi ilə nüfuzlu beynəlxalq jurnalda çap olunan məqalənin təqdimatı keçirilib - FOTO

26.01.2023 16:53 272 baxış
IMG

Yanvarın 25-də Mingəçevir Dövlət Universitetində (MDU) Riyaziyyat kafedrasının müəllimi Səriyyə Allahverdiyevanın həmmüəlliflərlə birgə yazdığı və Web of Science elmimetrik bazasında ən yüksək – Q1 kvartil kateqoriya üzrə indekslənən Amerika Riyazi Elmlər İnstitutunun (American Institute of Mathematical Sciences) “AIMS Mathematics” jurnalında dərc olunan məqalənin təqdimatı keçirilib.

Tehsil.biz xəbər verir ki, “Dördüncü dərəcəli xətti psevdoparabolik tənlik üçün bir əmsal üzrə tərs sərhəd məsələsi” (İngilis dilində: “On one coefficient inverse boundary value problem for a linear pseudoparabolic equation of the fourth order”) adlı məqalənin təqdimat mərasimində MDU-nun müvafiq kafedralarının professor-müəllim heyəti üzvləri iştirak ediblər.

Riyaziyyat kafedrasının müdiri, dosent Sahib Mustafayev giriş sözü ilə çıxış edərək ABŞ-ın nüfuzlu beynəlxalq elmi jurnalında çap olunan məqalənin müəllifləri sırasında MDU əməkdaşının da yer almasını universitet üçün mühüm nailiyyət kimi dəyərləndirib və tədbirin önəmini vurğulayıb.

Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev universitetdə elmi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin və tətbiq edilən mexanizmlərin MDU əməkdaşlarının nüfuzlu beynəlxalq elmi nəşrlərdə çap olunan məqalələrinin sayında müsbət dinamika yaratdığını bildirib.

Sonra, məqalə haqqında ətraflı məlumat verən S.Allahverdiyeva qarşıya qoyulan məsələnin həlli ilə bağlı əldə edilən nəticələr barədə danışıb və təqdim edilən sualları cavablandırıb.

Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Xəbər lenti