Logo

"Ömrünü ömrümüzə çıraq edən müəllimimiz" - BDU tələbəsi yazır...

26.01.2023 15:39 432 baxış
IMG

Professor Cahangir Məmmədlinin doğum gününə

Hər bir insanın həyat kitabında iz qoyan, mənəvi qələmi ilə onu şəxsiyyət kimi formalaşdıran və ən əsası da daşlı-kəsəkli ömür yolunda onu zülmətdən nura çıxaran müəllimi olur. Müəllimlik peşəsi nə qədər müqəddəs və ucadırsa, bu yolu öz şərəfi və ləyaqəti ilə keçən hər bir insan üçün bir o qədər məşəqqətlidir, təlatümlüdür...

Hər kəsin taleyində ona dərs deməklə yanaşı, həyat yolunu işıqlandıran müəlliminin özünəməxsus yeri və rolu var. Məhz bir çox tələbələrinin taleyinə Rəbbi tərəfindən yazılmış və şərəfli bir ömür sürərək bu adı daim uca tutan müəllimlərdən biri də Bakı Dövlət Universitetinin professoru, Azərbaycan mətbuat tarixi kafedrasının müdiri , jurnalistlərin sevimli müəllimi Cahangir Məmmədlidir.

BDU-nun jurnalistika fakültəsinə yenicə qəbul olunmuşdum. Bu ixtisası seçdiyim üçün içimdə bir tərəddüd vardı. Üstəlik də gizlin bir qorxu hissi. Birinci kursun artıq ilk günlərindən Cahangir müəllimi kafedra müdiri kimi tanıyır, mətbuatda işıq üzü görən məqalələrini araşdırıb oxuyurdum. Cahangir müəllimin qələmi mənə ədəbi-mədəni mühitdə işıqlı yol açdı. Mən bu yolda ilk kursun ikinci semestrindən artıq inamlı addımlarla irəliləməyə başladım. Cahangir müəllimin qələmindən axıb gələn hər bir söz xəzinəsindən mən də bəhrələndim. Ustadın ilkin olaraq tələbələrinə məsləhəti belə oldu: "İstər mətbuatda, istərsə də, televiziyada jurnalistin ən kəsərli silahı qələmidir. Hər şey sözdən başlayır".

Bəli, hər şey sözdən başlayır. Söz xəzinəsi bitib-tükənməyən xəzinədir. Ustadımız üçün hər tələbə yazılmamış bir hekayədir. Biz müəllimimizin qələmi ilə püxtələşir, elmə yiyələnirik... Cahangir müəllim daxilində işıq gördüyü tələbələrə xüsusi olaraq yanaşır, onlara yazı üsullarını ən incə detalları ilə öyrədirdi. Mən də özümü bu şanslı tələbələrdən hiss edirəm. Cahangir müəllim mənə yazmağı öyrətdi. Konfutsidən misal çəkərək deyirdi: "Biliyə gedən yolun sayı üçdür: təqlid ən asanı, təcrübə ən çətini, düşüncə isə ən şərəflisidir". Sonra da əlavə edirdi ki, "Çalışın təqliddən qaçın, özünüzün üslubu olsun".

Cahangir müəllim bizə illərlə qazandığı peşəkarlıq təcrübəsindən böyük səxavətlə pay verdi. Sağlam düşünməyi, öyrənərək anlamağı anlatdı. Buradaca Cahangir Məmmədlinin "Anlamaq dərdi"ni anlamaq dərdi" adlı essesinə tələbə Əsgər İsmayılovun "Anlamaq dərdini anlamaq səadətinə çevirən adam" başlığı ilə yazılmış nəzirəsindən bir hissəyə nəzər yetirək: "Cahangir müəllim leksikomunda "anlamaq" sözünü hər zaman tez-tez işlədir. O, mühazirələrində "Vətəni sevməyi anlamaq lazımdır", "Xalqın istiqlalının, müstəqilliyinin nə qədər qiymətli olduğunu anlamaq lazımdır", "Müstəqil ölkənin azad vətəndaşı olmağı anlamaq lazımdır" ifadələri bir tərəfdən Cahangir Məmmədlinin vətən sevdalısı olmağından irəli gəlirsə, digər tərəfdən zənnimcə, anlamaq sözü USTADI olmuş Şirməmməd Hüseynovdan xatirə qalıb. Çünki Şirməmməd müəllim anlamaq hissi ilə alışıb yanan, daxilində müstəqil Azərbaycanı sevə-sevə yaşadan böyük alim idi".

Müəllimimizin qayğısı hesabına jurnalistikanın nəzəri və praktiki tərəfini, janrlarını öyrəndik. Biz onun mühazirələrində müasir mətbuatın ən dolğun çalarlarını, klassika və müasirliyin vəhdətini, milli yazıçılarımızın yaradıcılığındakı incə çalarları öyrəndik... Ustadın hər söz-söhbəti bizdə həyata baxış tərzimizi genişləndirir və öz üslubumuzu formalaşdırırdı. Axı hər şey sözdən başlayır. Bəşər bina olan gündən söz öz sözünü demişdi. Onun publisistikasından bəhrələnən hər bir tələbənin öz üslubu formalaşdı. 

Bu gün qələmi ilə mətbuatda iz qoymuş bir sıra publisistlər məhz Cahangir müəllimin ədəbi məktəbinin məzunudur. O, mehriban və qayğıkeş davranışı ilə rəhbərlik etdiyi kafedranın, jurnalistika fakültəsinin, eləcə də Bakı Dövlət Universitetinin sevgi və rəğbətini qazanıb.

Çağdaş Azərbaycan jurnalistikasının ağsaqqalı, elmimizin inkişafında mühüm xidmətləri olan sevimli müəllimimiz professor Cahangir Məmmədlini doğum günü münasibətilə ürəkdən təbrik edir, şərəfli ömür kitabının hər səhifəsinin uğurlu olmasını diləyirik.

Şəms HÜSEYNLİ
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti