Logo

KOR GÜLLƏNİN İŞIQ HƏSRƏTİ

20.01.2023 15:35 415 baxış
IMG

ADU-nun tələbəsi, şair, 20 Yanvar şəhidi Ülvi Bünyadzadəyə

Yolun üstündə

Kölgə izi var...

Yağış səsinə qarışıb

Torpağın ətri...

Göylərə alqış deyir

Yerdə  qarğışa tutulmuş biri...

Adamlar köç edəndə

Yığışıb getmir ağrıları da.

Və beləcə ağrılarla yaşamaqdı

Köçüb getmək...

Bu həyat... bu həyat kor bir gülləni

İşıq həsrəti ilə yaşatdıqca

Yaddaşda yuyulur insan qanına boyanmış

Ağ köynəklər...

Axtarsan, unutmağa həmişə səbəb tapılar-

Kimi yarpaq kimi,

Kimi torpaq kimi,

Kimi də hələ “əhd” etməmiş

Uçar buludlara sarı...

Həyata bir az rəng qatmaq üçün,

Elə təbəssümünü xatırlamaq bəsdi.

Getmək hələ bitmək deyildi,

Sülh adında bir şeirə

Ölüm imzasını atmaq kimidi

Bu dünyanın həqiqi kimliyi...

Kor bir güllə tələsirdi

İşığa doğru.

Bu bir həsrət idi,

Bu bir bir arzu idi,

Bu bir qaranlığa qarşı

Ülvi hisslərin

Etiraz səsi idi...

Və beləcə

Bir həsrət də bitdi

Bir sevgi də doğuldu

Bir tarix də yazıldı:

Ülvi adında...

TURAL CƏFƏRLİ

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin məsul redaktoru

Xəbər lenti