Logo

Radiasiya Problemləri İnstitutunda anım tədbiri keçirilib

20.01.2023 12:48 451 baxış
IMG

Radiasiya Problemləri İnstitutunda 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş anım tədbiri keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib.

Anım tədbirində çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev 20 Yanvar hadisələrinə dair fikirlərini bölüşüb, eləcə də həmin dövrün ictimai-siyasi vəziyyəti haqqında məlumat verib. Qeyd olunub ki, 20 Yanvar hadisələri xalqımızın azadlıq uğrundakı mübarizəsi və qəhrəmanlıq dastanıdır.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əli Məmmədov 20 Yanvar faciəsi haqqında statistik məlumatları diqqətə çatdırıb, həmçinin Azərbaycan xalqına qarşı törədilmiş cinayətin əslində insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktı olduğunu bildirib.

Tədbirdə çıxış edən institut alimləri – Rəhim Mədətov, Hökmən Mahmudov, Nüşabə Hacıyeva, Bəxtiyar Nəcəfov və Nizami Hüseynov yeni nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyib, onların əziz xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini vurğulayıblar.

Xəbər lenti