Logo

Energetika Nazirliyi və AERA BMU tələbələri ilə görüş keçirib

22.02.2021 13:29 510 baxış
IMG

Energetika Nazirliyi və tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin (Elektrik mühəndisliyi, Elektronika mühəndisliyi və Elektroenergetika ixtisasları) tələbələri ilə onlayn görüş keçirib. Tanışlıq (networking) xarakteri daşıyan görüşdə adıçəkilən qurumların məsul şəxsləri, universitetin professor-müəllim heyəti iştirak edib.

 

Tehsil.biz xəbər verir ki, tədbirdə BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov, universitetin Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov açılış nitqi ilə çıxış ediblər. Çıxışlar zamanı universitet haqqında, həmçinin Elektrik mühəndisliyi və Elektronika mühəndisliyi ixtisasları üzrə BMU ilə Koreyanın İnha universiteti arasında icra edilən ikili diplom proqramı barədə məlumat verilib.

 

Sonra Energetika Nazirliyi və AERA-nın ictimaiyyətlə əlaqələr sektorlarının rəhbərləri Cahid Mikayılov və Günel Əhmədova təqdimatlarla çıxış ediblər. Təqdimatlarda hər iki dövlət qurumunun fəaliyyətindən ətraflı söz açılıb, son illər ölkəmizdə energetika və enerji tənzimləmə sahəsində həyata keçirilən islahatlardan, görülən işlərdən bəhs olunub. Nazirlik rəsmisi C.Mikayılov çıxışında işğaldan azad olunmuş Azərbaycan torpaqlarının enerji təminatı məsələsindən də danışıb.

 

Bununla yanaşı, təqdimatlarda həm nazirliyin, həm də agentliyin sosial şəbəkə hesabları, hər iki qurumun internet resurslarında tələbələr üçün faydalı ola biləcək məlumatlar, illik hesabatlar əyani olaraq təqdim edilib.

 

Görüşdə, həmçinin Energetika Nazirliyinin Dövlət qulluğu və kadrlar şöbəsinin sektor müdiri Xəyalə Qurbanova karyera planlaşdırılması və iş axtarma yolları haqqında görüş iştirakçılarını məlumatlandırıb.

 

Tədbirdə Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev, BMU Texnoparkın müdiri Elçin Qurbanov və digərləri gələcək əməkdaşlıq məsələləri ilə bağlı müxtəlif səmərəli təkliflər səsləndiriblər.

 

Görüş sual-cavab formatında davam edib.

Xəbər lenti