Logo

Sosial-İqtisadi Kollecdə 20 Yanvar Gününə həsr olunmuş tədbir keçirilib

19.01.2023 16:51 308 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə kollecin tələbələri Ömər Ağazadə, Aytən Baxışova və Aydan Ələkbərli 20 Yanvarın xalqımız üçün unudulmaz bir gün olduğunu bildiriblər. Qanlı Yanvarın demokratiya və milli azadlıq uğrunda mübarizəni boğmaq məqsədi daşıdığı vurğulanıb. Daha sonra tələbələr 20 Yanvar hadisələrindən bəhs edən şeirlər söyləyiblər.

Kollecin tarix müəllimi Qələndər Muxtarlı qeyd edib ki, yanvarın 19-dan 20-ə keçən gecə Bakıya daxil olmuş sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini pulemyot və avtomatlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən günahsız insanlar qətlə yetirildi, yüzlərlə vətəndaş yaralandı və xəsarət aldı. Sonrakı günlər də daxil olmaqla həlak olanlar və yaralananlar içərisində qadın, uşaq və qocalar, tibb işçiləri var idi.

“20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı və gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını və müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Hər zaman qəhrəmanlıq və vətənpərvərlik nümunələri göstərəcəklər. Dövlət müstəqilliyimizin bərpası, azadlığımız üçün 20 Yanvar şəhidlərimizə borcluyuq”, - deyə Qələndər Muxtarlı bildirib.

Xəbər lenti