Logo

Peşə təhsili müəssisələrinin yeni statusu

22.02.2021 12:13 123 baxış
IMG

Ceyhun Kərəmov: “Publik hüquqi şəxs statusu ilə müəssisənin maliyyə baxımından çevik alətlərə çıxış əldə etməsinə şərait yaranır”

 

Bu günlərdə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi publik hüquqi şəxs statusu əldə edib. Bununla da 2019-cu ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin publik hüquqi şəxs statusu əldə etməsi ilə start verilən bu proses Təhsil Nazirliyinin tabeliyində olan 7 peşə təhsil mərkəzini əhatə edib. Ötən il 3-ü Bakı şəhərində, 1-i isə Sumqayıtda fəaliyyət göstərən 4 müəssisənin də status qazanması artıq bu sahədə müəyyən təcrübənin olduğunu deməyə əsas verir.

 

2015-ci ildən başlayan yol

 

Peşə təhsil müəssisələrinin publik hüquqi şəxs qismində fəaliyyətinə zəmin 2015-ci ildən hazırlanır. Belə ki, ölkə Prezidentinin 2015-ci il 19 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən peşə təhsili müəssisələri şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması prosesi bu müəssisələrin birləşdirilməsi və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin yaradılmasına başlanılıb. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixli  Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, islahat tədbirləri sürətlənib və 55 peşə təhsili müəssisəsinin bazasında 24 peşə təhsil mərkəzi yaradılıb. Bunun üçün də əvvəlcə monitorinqlər keçirilib, peşə təhsil müəssisələrinin infrastrukturu, maddi-texniki bazası, aparılan tədrisin keyfiyyəti, müəllim-pedaqoji heyətin potensialı qiymətləndirilib. Məhz müvafiq qiymətləndirmə əsasında, peşə təhsili müəssisələrinin idarəedilməsinin daha da təkmilləşdirilməsi, maliyyə vəsaitindən səmərəli istifadə edilməsi, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədi ilə bir sıra peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması, fəaliyyətinin dayandırılması və ya müvəqqəti dondurulması, yeni tikiləcək təhsil müəssisələri ilə bağlı tədbirlər görülüb. Nazirlər Kabinetinin müvafiq qərarına görə, 24 peşə təhsil mərkəzinin mərhələli olaraq publik hüquqi şəxs kimi qeydiyyatdan keçirilməsi nəzərdə tutulur.

 

Publik hüquqi şəxs olmaq peşə mərkəzlərinə nə verəcək?

 

Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmovun fikrincə, publik hüquqi şəxs statusuna keçid peşə mərkəzlərinin maliyyə baxımından özü-özünü idarə etməsinə imkan yaradacaq. Çünki publik hüquqi şəxsə çevrilən bir peşə müəssisəsi öz ətrafında olan şirkətlərlə əməkdaşlığını genişləndirmək, onlarla daha yaxın əlaqələr qurmaq, sahibkarlıq fəaliyyətinin təşkili və büdcədənkənar gəlirlərin artırılması imkanı qazanacaq. Onlar bu imkandan səmərəli istifadə etməli, maliyyə azadlığını təmin etmələri üçün uzunmüddətli strateji yanaşmaları olmalı, işəgötürənlərin marağını cəlb etməlidirlər: “Müəssisələr yeni maliyyə mənbələri tapmalı, işəgötürənlərlə əlaqə qurmalı, keyfiyyətli tədrisi təşkil etməlidır. Bu məsələ publik hüquqi şəxsə çevrilərkən xüsusilə əhəmiyyət kəsb edən məqamlardandır. Çünki publik  hüquqi şəxs statusu əldə etməsi ilə müəssisənin maliyyə baxımından çevik alətlərə çıxış əldə etməsinə şərait yaranır”.

 

Əlavə gəlir mənbələri olacaq

 

Başqa sözlə, publik şəxsə çevrilməklə peşə təhsil müəssisələrinin büdcədənkənar gəlir qazanmaq imkanları genişlənir: “Məktəb, sadəcə müvafiq ixtisaslar üzrə kadr hazırlayıb, tələbələrə təhsil vermir. Daim dəyişən əmək bazarını və texnologiyanın sürətli inkişafını müşahidə edirik. İşçi karyerası boyunca bir neçə dəfə ixtisasını dəyişmək, yeni bacarıqlar əldə etmək istəyə bilər. Peşə təhsil müəssisəsi onlara təlimlər keçirə, müxtəlif sifarişlər qəbul edə bilər. Təhsil müəssisələrinin ölkə üzrə şəbəkəsinin genişliyini, peşə təhsilinin çevikliyini nəzərə alaraq, fikirləşirik ki, müəssisələr bazarda işəgötürənlərə bu və bu kimi çoxsaylı təkliflər verə bilərlər. Böyük şəhərlərimizdə şirkətlərin kadr potensialının gücləndirilməsi ilə bağlı çətinliklərini peşə məktəbləri aradan qaldıra bilər”.

 

Üstəlik, həmin müəssisələr üçün nümunələr də var. Belə ki, artıq 1 ildən çoxdur öz fəaliyyətini uğurla quran Sənaye və İnnovasiyalar üzrə BDPTM publik hüquqi şəxs kimi təcrübəsini digər peşə təhsil müəssisələri ilə bölüşür və mümkün çətinliklərdən çıxış yolları göstərilir: “Peşə təhsil mərkəzlərində dövlət-özəl əməkdaşlığının qurulduğuna dair yaxşı nümunələr var. Məsələn, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində belə əməkdaşlıqlar çərçivəsində bir çox layihələr icra edilir. Kadrlar hazırlanır, şirkət əməkdaşları üçün qısamüddətli təlimlər keçirilir.

 

İşləyərək öyrənmə...

 

C.Kərəmov Sənaye və İnnovasiyalar üzrə BDPTM-nin uğur qazanan tək müəssisə olmadığını da vurğulayıb: “İsmayıllı Peşə Tədris Mərkəzi ilə İsmayıllı “Şərab-2” müəssisəsi arasında duala bənzər peşə təhsili və təliminin tətbiqi üzrə qurulmuş strateji əməkdaşlıq çərçivəsində İsmayıllı Peşə Tədris Mərkəzinə ayrılan 2 hektar üzüm sahəsində üzümün yetişdirilməsi və yığılmasından tutmuş şərabın hazırlanmasına qədər bütün prosesdə tələbələr iştirak edir. Demək, tələbə təhsilini tamamlayanda artıq ixtisaslı kadr olacaq”.

 

Direktor müavininin sözlərinə görə, tutaq ki, avtomobil təmiri üzrə emalatxanası olan müəssisə bundan ikiqat qazanacaq: “Peşə təhsil mərkəzi tədrisin aparılmadığı saatlarda mövcud emalatxanasından istifadə edə bilər. Çünki publik hüquqi şəxs olması müəssisələrə tədrisin olmadığı vaxtdan səmərəli yararlanmaq imkanı verəcək. Üstəlik, peşə təhsilinin ən vacib elementlərindən birini - işləyərək öyrənmə tələbini də yerinə yetirəcəklər. Emalatxana sifariş alacaqsa, işləyəcək. İşləyəcəksə, tələbəsini də iş prosesində öyrədəcək. Peşə təhsil pilləsində uğurun şərtlərindən biri budur: ya tələbə iş üçün işəgötürənin yanına gedəcək, ya da iş məktəbə, məktəbin emalatxanasına gələcək”.

 

Özü qazanıb özü xərcləyəcək

 

Publik hüquqi şəxs olmaq o deməkdir ki, peşə təhsil müəssisələrinin rəhbərləri yeni fəaliyyətlər müəyyənləşdirib, həmin fəaliyyətlər üzrə xidmət göstərib yeni büdcədənkənar vəsait gətirsin. Ancaq bununla iş bitmir. Gələn vəsaitin necə xərclənəcəyi də önəmlidir: “Həmin vəsaiti müəssisənin  əsas inkişaf istiqamətlərinə yönləndirə biləcəklər. Əldə edilən vəsaitin müəyyən hissəsini, məsələn, ən azı 40 faizini işçilərinin mükafatlandırılmasına xərclənə bilər. Çünki uğurda maliyyə motivasiyası çox önəmlidir”.

 

Burda vacib daha bir məqam ortaya çıxır - fəaliyyətdə hesabatlılıq. C.Kərəmov yeni struktur, yeni yanaşma ilə fəaliyyət göstərən peşə təhsili müəssisələrində hesabatlılığa önəm veriləcəyini bildirib: “Publik hüquqi şəxs statusu hesabatlılığı ləğv etmir. Əksinə, yaxşı rəhbərlər məhz fəaliyyətində şəffaf maliyyə mexanizmi qurmağı bacaranlar sayılır” .

 

İdarəetmə mexanizmi dəyişdi, bəs, kadrlar?

 

Tədrisin keyfiyyətindən danışırıqsa, bu, o deməkdir ki, dəyişiklik istəyirik: “Dəyişikliyi həyata keçirən kimdir? Təbii ki, rəhbər şəxslər və müəllimlər bu prosesin əsas iştirakçılarıdır. Müvafiq sahələr üzrə mütəxəssislər təhsilə cəlb edildiyindən onlar əmək bazarında, şirkətlərdə tələbatı düzgün müəyyənləşdirəcəklər. Bu, onların özünün də təşəbbüslə çıxış etməsinə, işəgötürənlər qarşısına təkliflərlə çıxmasına imkan verəcək”.

 

Bəs, bu dəyişikliyi icra edəcək şəxslər buna hazırdırmı?  Dünənə qədər hər çətinliyi dövlət vəsaitilə həll edən peşə təhsil müəssisələri yeni tələblərlə ayaqlaşa biləcəkmi?

 

C.Kərəmovun sözlərinə görə, həm tədrisi keyfiyyətli quran, həm də geniş əməkdaşlıq imkanları yaradan direkrorlar var: “Ancaq hamı haqqında eyni fikri deyə bilmərik. Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə müəssisələrinin işəgötürənlərlə əlaqələrinin gücləndirilməsinə dəstək verir. İdarəedicilərin təlimdən keçməsi, onların beynəlxalq təcrübə ilə tanış olmaları üçün imkanlar axtarışındayıq. Son bir neçə ildə bir çox müəssisələrin rəhbərləri beynəlxalq təcrübə imkanları ilə təmin olunublar. Böyük Britaniya və Türkiyəyə təcrübə mübadiləsi məqsədilə səfərlər təşkil edilib”.

 

Bu da həqiqətdir ki, hazırda peşə təhsili müəssisələrinə vəsait əsasən dövlət büdcəsindən daxil olur: “Peşə təhsil pilləsində təhsil alan tələbələrin tərkibinə baxsanız, görərsiniz ki, təhsil alanların təqribən 90 faizi dövlət vəsaiti hesabına təhsil alır. İdarəetmə üçün tələb olunan vəsaitdən tutmuş müəllimlərin maaşına qədər hər ehtiyac dövlət büdcəsindən maliyyələşir”.

 

Başqa bir tərəfdən, publik hüquqi şəxs statusuna keçid qaçılmaz olsa da, bütün peşə təhsil müəssisələrinin imkanları eyni deyil. Hazırda müəssisələrdə infrastrukturun modernləşdirilməsi prosesi davam edir: “Bu il ərzində bir sıra yeni publik hüquqi şəxsin yaradılması planlaşdırılır. Artıq 5 müəssisənin sənədləri hazırlanaraq müvafiq qurumlara müraciət olunub. Bərdədə istifadəyə veriləcək yeni müəssisə regionda çox böyük imkanlar vəd edir. Müasir məktəb - müasir emalatxanalar, yataqxana və b. imkanları təhsilalanlar üçün keyfiyyətli təhsilə şərait yaradacaq. Həm sənaye, həm də kənd təsərrüfartı istiqaməti üzrə tədrisin təşkil ediləcəyi daha bir müasir məktəb isə Cəlilabadda tikilir”.

 

C.Kərəmov bu prosesdə tətbiq ediləcək yeni yanaşmadan da danışıb: “Peşə təhsili müəssisələri ilə universitetləri yaxınlaşdırırıq. Mingəçevirdə yaradılacaq peşə təhsili müəssisəsi bu baxımdan ilk olacaq. Belə ki, peşə təhsil müəssisəsi Mingəçevir  Dövlət Universiteti ilə eyni kompleksdə olacaq. Eyni bazadan - emalatxana və laboratoriyalardan istifadə edəcəklər”.

 

Məqsədə doğru addım-addım

 

Ölkədə peşə təhsili müəssisələrinin publik hüquqi şəxs statusunun əldə etməsi ilə bağlı qərarın arxasında idarəetmənin daha da təkmilləşdirilməsi, maliyyə vəsaitindən səmərəli istifadə edilməsi, keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədi durur. Bu məqsədə gedən yolda peşə təhsili müəssisələrinin doğru qərarlarla daha böyük nəticələr əldə edə biləcəyinə ümid çox böyükdür. Görülən işlər peşə təhsil müəssisələrini məqsədə doğru addım-addım yaxınlaşdıracaq: “İdarəetmə baxımından peşə təhsil müəssisələrinin publik hüquqi şəxsə çevrilməsi önəmlidir. Prosesin sonunda çox böyük nəticələr əldə edəcəyimizi düşünürük”.

 

Ruhiyyə DAŞSALAHLI

Xəbər lenti