Logo

Tarix İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

18.01.2023 23:33 519 baxış
IMG

AMEA-nın A.A Bakıxanov adına Tarix İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilən “20 Yanvar: tarixçi baxışı” adlı anım mərasimi keçirilib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, anım mərasimində ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tarix İnstitutunun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru dosent İlqar Niftəliyev bildirib ki, xatirəsi əziz olan 20 Yanvar şəhidləri Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıb. Qeyd edib ki, 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə qarşı törədilən cinayətdir. Bildirib ki, Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi, əksinə xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı.

Sonra tarix elmləri doktoru Mais Əmrahov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, tarix elmləri doktoru İradə Bağırova, tarix üzrə fəlsəfə doktoru Hacı Həsənov, tarix üzrə fəlsəfə doktoru Mübariz Ağalarlı 20 Yanvar hadisələrinin canlı şahidləri kimi öz xatirələrini bölüşüblər. 20 Yanvarda ölkəmizin müstəqilliyi uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu, şəhidlərimizin qanının hədər axmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu vurğulayıblar.

Xəbər lenti