Logo

Məktəblilər Beynəlxalq Ana Dili Gününü qeyd edib

22.02.2021 11:32 182 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində şagirdlər 21 fevral Beynəlxalq Ana Dili Günü ilə əlaqədar məlumatlandırılıb.

 

Məktəblərdə Beynəlxalq Ana Dili Gününün qeyd edilməsinin əsas məqsədi Azərbaycan dilinin tarixi inkişaf mərhələləri, rəngarəngliyi barədə şagirdlərə dolğun məlumat vermək, doğma dilimizin saflığının qorunaraq gələcək nəsillərə olduğu kimi ötürülməsinə nail olmaq, gələcəyimiz olan uşaqlara dilimizə sevgi və hörmət hissini aşılamaqdan ibarətdir.

 

Dərslərdə şagirdlərə Azərbaycan dilinin inkişaf tarixi, dilimizin zənginliyi, dilimizə dövlətimiz tərəfindən göstərilən qayğı haqqında ətraflı məlumat verilib. Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində, milli-mənəvi dəyərlərin qorunmasında ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusilə vurğulanıb.

 

Şagirdlər ana dilimizə həsr edilən şeirlər, kəlamlar, mahnılar söyləyib, doğma dilimizə sevgi hisslərinin əks olunduğu ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

 

Həmçinin şagirdlər “Anladım ki, ana dilim, ürəyimdən çıxmaz mənim!”, "Millətin milliliyini saxlayan onun dilidir", “Ana dilimizi sevək və sevdirək!”, “Azərbaycan dili milli varlığımızdır” kimi çağırışlar səsləndirib, dilin saflığının qorunmasına dair fikirlər söyləyiblər.

Xəbər lenti