"İctimai TV-də verilişdə iştirak etmək üçün əvvəlcədən müraciət etmişdim, sağ olsunlar, dəvət etdilər, iştirak etdim".
Bunu "Tehsil.biz"ə açıqlamasında İctimai TV-də yayımlanan “Milyonların şousu” intellektual verilişinə qatılaraq 8 min manat qazanan Bakının 219 saylı tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova deyib.
O, verilişdə iştirak etdikdən sonra ona olan düşüncələri görüb müəllim adına çox sevindiyini bildirib:
"Son zamanlar təhsilin üzərinə çox gedildi. Bu məqamlarda isə müəllimləri kölgədə qoymaq istəyənlər oldu. Bir-iki hadisəyə görə müəllim ordusunu bütövlükdə kölgəyə salmaq olmaz".
S.Novruzova qazandığı pulu iki övladının və maddi imkanı zəif olan bir ailənin qızının təhsilinə xərcləyəcəyini qeyd edib:
"Qazandığım məbləği iki övladım və maddi imkanı zəif olan bir ailənin qızının təhsili üçün xərcləyəcəyəm. Həmin ailə qohumum deyil, sadəcə olaraq onları tanıyıram. Həmin uşaq da qızdır, hal-hazırda çox yaxşı oxuyur. Onun hazırlıq xərclərini ailəsi ilə birgə qarşılıqlı şəkildə ödəyirik. İnşallah gələcəkdə yaxşı nəticələr əldə etməsinə ümid edirəm. Həmin uşağın bu məsələdən xəbəri yoxdur, sadəcə ailəsi ilə danışmışıq. Ancaq hər bir halda qazandığımı təhsilə yönləndirəcəyəm, çünki gələcəyimiz təhsilə bağlıdır. Bu uğurumla uşaqlara izah etməyə çalışdım ki, elmlə, savadla hər şeyi əldə etmək olar. Hər zaman çalışmışam ki, əlimdən gəldiyi qədər təhsilimizə, dərs keçdiyim uşaqlara kömək edim".
Qeyd edək ki, paytaxtın 219 saylı tam orta məktəbinin tarix müəllimi Sevinc Novruzova İctimai TV-də yayımlanan “Milyonların şousu” intellektual verilişinə qatılıb. 12-ci suala qədər mübarizə aparan müəllim ona da düzgün cavab verməklə 8 min manat məbləği əldə edib.
Fəqan Əzimli