"Bəhram Bağırzadənin söylədiyi fikrə təpkilər və bəraətlər davam edir. Şəhərlilərlə rayonlular arasında demarkasiya xətti çəkmək və ozon qatı kimi nazik təbəqəni yox etmək istəyənlər var. B.Bağırzadənin məkan kimi restoranları götürməsi qıcıq yaradıb. Məgər fərqlillik yalnız restoranda özünü biruzə verir?"
Tehsil.biz xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Etibar Əliyev Əməkdar artist Bəhram Bağırzadənin regionlardan Bakıya gələnləri şəhər həyatına uyğunlaşa bilməməkdə ittiham etməsinə münasibətində deyib.
O bildirib ki, niyə teatrda, and yerimiz olan yerlərdə, hüzür yerlərində və səyahətlərdə şəhərli-rayonlu söhbəti ortaya çıxmır?
"Götürək teatrı: "Planet Parni iz Baku"nun konsertlərində rayondan gələnlər bərk gülür, yoxsa şəhərlilər? Yaxud "Bu Şəhərdə"nin konsertində şəhərli ilə kəndli eyni vaxtda gülür və eyni vaxtda gülüşü bitirir? Hüzür yerlərində Fatihə surəsini hansı təbəqə ucadan oxuyur? Restoranlarda ucadan danışmaq heç bir təbəqələşməyə əsas vermir. İnsanı bir-birində fərqləndirən onun təhsili və tərbiyəsidir. Bu normal şəkildə verildikdən sonra şəhərli və rayonlu söhbəti itib-batır. Yuxarıda adını çəkdiyim teatrlarda bəzən elə yumorlar işlədilir ki, adamın dişi bağırsağını kəsir. Burada da şəhərli-rayonlu söhbəti aparaq? Rayonluya deyək ki, niyə ucadan gülürsən? Mən şəhərli olmaq üçün meyxananı sevməliyəm? Aşıq havalarını bu janrdan qat-qat üstün tuturam. Bunun özü də ayrıseçkilik yaratmağa imkan vermir. Nəsillərin dəyişməsinin dəyərlərə təsiri öyrənilməlidir. Problem budur? Belə ayrıseçkilik yığışdırılmalıdır".