Logo

Abutalıbın uğur hekayəsi - Olimpiadadan universitet olimpinə…

22.02.2021 10:24 1605 baxış
IMG

Dünyanın ən nüfuzlu ali məktəblərindən dəvət alan dünənki məktəblilərimizin sabahın böyük şirkətlərinin işçiləri, hətta yaradıcıları olacaqlar.

 

"Qafqazinfo" xəbər verir ki, ABŞ-ın “Massachussets Institue of Technology”(MIT) tələbəsi Abutalıb Namazov, Cənubi Koreyanın Kaist universitetində təhsillərini davam etdirən Murad Ağazadə, Abbas Məmmədov, Məhəmməd Yusifov, Murad Eynizadə hazırda yetişməkdə olan böyük bir nəsil üçün örnəkdir. Yeni nəsil olimpiada ulduzlarının - Ramil Babazadə, Abbas Məmmədov, Ramil Cəbiyev, Anar Rzayev, Köçəri Əsgərovun da bənzəmək istədikləri, nümunə götürdükləri bir nəsil vardı. Onlar da Məhəmməd Şirinov, İlqar Ramazanlı, Tural Bədirxanlı, Cəfər Cəfərov, Tərlan Nəzərov, Azad Salahlı, Sərxan Bədirli, Həsən Həsənzadə kimi uğurlu olimpiada təmsilçilərimizin davamçılarıydı. Təhsilini MIT, Stanford, Nanyanq, Kaist, Boğaziçi, ODTU, Bilkent, “Manchester”, “Waterloo”, Toronto kimi dünyanın nüfuzlu ali məktəblərdə davam etdirən bu nəslin davamçıları bu gün Təhsil Nazirliyinin olimpiadalara hazırlıq mərkəzlərində yetişir.

 

Elə götürək bu həftə ABŞ-a yola düşən, dünyanın 1 nömrəli universitetlərindən biri olan MİT universitetinə daxil olan Abutalıb Namazovu. Abutalıb Təhsil nazirliyinin Fizika, Riyaziyyat və İnformatika təmayüllü liseyin yetirməsi kimi həm respublika, həm də beynəlxalq olimpiadalarda çox böyük uğurlar qazanaraq Azərbaycanı şərəflə təmsil edib.Bu uğurların nəticəsi kimi dünyanın ən yaxşı universitetlərindən birinə demək olar ki tam təqaüdlə qəbul olunub.

 

Olimpiadalara maraq nəyi dəyişir?

 

Demək olar ki, çox şeyi…Ölkə məktəblilərinin olimpiadalardakı uğurları davamlı xarakter alıb. Uğur silsiləsinin növbəti sorağı bu ilin yanvarında Qazaxıstanın Almatı şəhərindən gəlib. Şagirdlərimiz ötən ayın 7-12-də keçirilən onlayn XVII Beynəlxalq Jautıkov olimpiadasında (IZhO) ümumilikdə 15 medal qazanıblar. Həm fizika, həm də riyaziyyat və informatika fənləri üzrə olimpiadaya 3 komandada qatılan məktəblilərimizin hələlik sonuncu olan bu nailiyyəti olimpiadalara hazırlıq və iştirak sahəsində bəzi məqamların üzərinə işıq salıb.

 

Rəqəmsal nəsil olimpiadanı sevir…

 

 

Təxminən 14-18 yaşında olimpiadaya qatılan və rəqəmsal nəsil olaraq 2000-ci ildən sonra anadan olan qatılanların əksəriyyətinin medal əldə etməsidir. Belə ki, Almatı olimpiadasında iştirak edən 21 şagirdimizdən 15 nəfəri medal əldə edib.

 

Təhsil Nazirliyinin sektor müdiri Fuad Qarayev bildirib ki, əvvəllər iştirakçılar arasında xüsusi istedada malik bir-iki nəfər medal qazanırdısa, son illərdə şagirdlərin əksəriyyətinin bilik və bacarığı medala layiq görülür: “Bu müvəffəqiyyəti ayrı-ayrı şagirdlərlə deyil, komandalarla görülən ümumi işin nəticəsi kimi qiymətləndirmək olar. Sadəcə ötən il şagirdlərimiz ölkəmizə 6 qızıl, 16 gümüş və 41 bürünc olmaqla, ümumilikdə 63 medal gətiriblər. Düşünürəm ki, növbəti olimpiadalarda qızıl medallar da əldə edəcəyik”.

 

Hədəf nədir?

 

 

Növbəti olimpiadalara növbəti aydan davam edəcəyik. Mart, aprel, may, iyun və iyul aylarında ayrı-ayrı fənlər üzrə müxtəlif tipli beynəlxalq fənn olimpiadalarının keçirilməsi nəzərdə tutulub.

 

“Şagirdlərimiz regional və dünya miqyaslı bir çox beynəlxalq olimpiadalarda iştirak edir. Hədəfmiz əvvəlkindən daha yaxşı nəticədir”.

 

Daha yaxşı nəticə üçün nə etməli?

 

F.Qarayev son nailiyyətin pandemiyaya rəğmən qazanıldığına da diqqət çəkib. Onun sözlərinə görə, olimpiadalara hazırlıq prosesinin həm təlimçilər, həm şagirdlər üçün ağır olmasına baxmayaraq, ölkəmiz bundan sonra da layiqincə təmsil ediləcək.

 

 

Beləliklə, məktəblilərimiz 2021-ci ilin ilk medallarını qazandı. “Ümumiyyətlə, istər ölkədaxili keçirilən respublika fənn olimpiadaları, istər məktəblilərarası fənn müsabiqələri, istər Təhsil Nazirliyi tərəfindən yaradılan beynəlxlaq olimpiadalara hazırlıq mərkəzləri istedadlı uşaqlarda bu sahəyə olan marağı ciddi şəkildə artırıb”.

 

F.Qarayev etalona çevrilməkdə olan bir müşahidəsini də dilə gətirib: “Olimpiadalarda nailiyyətləri olan şagirdlərin məktəbi bitirdikdən sonra əldə etdiyi uğurlar azyaşlı usağı olan valideynlər üçün bir etalona çevrilir”.

 

Qeyd edək ki, Abutalıb Namazov tanınmış jurnalist Şahvələd Çobanoğlunun övladıdır.

Xəbər lenti