Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun və Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlığı ilə torpağın minalardan təmizlənməsi mövzusunda “Minahack” hakatonu keçiriləcək.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, fevralın 23-24-də keçiriləcək hakatonun məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində minatəmizləmə işlərinin sürətli aparılmasına innovatorları, proqramçıları, şirkətləri, vətəndaş cəmiyyəti təşkilatlarını, eləcə də 17 yaşdan yuxarı fəal icma üzvlərini bir araya gətirərək, ərazilərin minalardan təmizlənməsi üçün onları texnoloji ideyalar və həllər təklif etməyə yönəltməkdir.
Hakatonda iştirakla bağlı müraciət edənlər üçün 17-35 yaş həddi müəyyən edilib. İştirakçılar yalnız komanda şəklində çıxış edə bilər. Hər komanda kapitanla birlikdə 4 nəfərdən ibarət olmalıdır. Bir komandada fərqli müəssisələrdən maksimum 2 nəfər olmalı və komanda kapitanı komandanın üzvləri tərəfindən seçilməlidir. İştirakçılar 36 saat ərzində tədbir keçirilən məkanda qalacaqlar. “Minahack 2023” hakatonu üzrə I, II, III, IV yerləri tutan komandalar müvafiq pul mükafatı və hədiyyələrlə mükafatlandırılacaq.
Müraciətlər yanvarın 30-dək qəbul olunur.