Logo

Milli varlığımızın şah əsəri - ANA DİLİ

21.02.2021 16:49 1035 baxış
IMG

Hələ o zaman rus nəzəriyyəçisi və filosofu Konstantin Dmitriyeviç Uşinski deyirdi: "Bir millətin, xalqın varını - dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər - əlamət qalmaz". Ağır Borodino döyüşündə iştirak edən Uşinski yaxşı bilirdi ki, onlarla, hətta yüzlərlə döyüş belə bir xalqı yer üzündən silə bilməz, ancaq xalqın, millətin dilini məhv etmək kifayətdir ki, həmin xalqın varlığına da son qoyulmuş olsun. 


Əbəs yerə deyilməyib ki, dil ölərsə, xalq da ölər. Bütün bunları nəzərə alaraq 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan dörd tələbə özlərinin yoxluğu ilə ana dilinin varlığını qorumuş oldular. Öz xalqının ana dilini canları bahasına yaşadan bu gəncləri illərdi bütün dünya əhalisi öz dilində yaşadır. Beləki fevralın 21 -i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib.
 

Dünyada iyirmi ikinci dəfədir qeyd olunan bu əlamətdar gün hər il respublikamızda da xüsusi şəkildə təşkil olunur. Böyük bir inkişaf yolu keçən dilimiz tariximiz qədər qədimdir. Tarixin ən çətin sınaqlarından mərdliklə çıxan xalqımız öz varlığını qoruduğu kimi öz dilini də göz bəbəyi kimi qorumağı bacarmışdır.


Dünyanın ən zəngin milli dillərindən biri olan Azərbaycan dilinin qorunmasında sözsüz ki, dahi şəxsiyyətlərin, böyük söz, sənət xadimlərinin, maarifpərvər ziyalıların misilsiz rolu olmuşdur. Bunlardan Nəsimi, Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Həsən bəy Zərdabi, Mirzə Fətəli Axundov, C.Məmmədquluzadə, M.Ə.Sabir, Firudin bəy Köçərli, M.Şəhriyar,  Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə, Qənbər Şəmşiroğlu... Düşünürəm ki, dilimizin saflığını qoruyanların mübarək isimlərini xatırladıq, elə bu məqamda ana dilini bilməyənləri istehza ilə “zavallı” adlandıran dahi Üzeyir bəyin vaxtilə Həqiqət qəzetində dərc olunmuş ölməz fikirlərinə də nəzər yetirək: "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı , o millətin özü də batar, çünki bir millətin varlığına, yaşamasına isbat vücud onun dilidir"


Göründüyü kimi Azərbaycan dili hazırkı inkişaf səviyyəsinə birdən-birə çatmamışdır.


İstər Azərbaycan Sovetlər İttifaqı tərkibində olarkən, istərsə də müstəqillik dövründə ana dilimizin qorunması, onun inkişafı istiqamətində çox böyük işlər görülmüşdür. Respublikamızda dil siyasətinin formalaşdırılması bilavasitə Dahi Rəhbər Heydər Əliyevin adı ilə bağlıdır. Əbədiyaşar Lider Heydər Əliyevin hələ o zaman Azərbaycan Dövlət Universitetinin (BDU) 50 illik yubileyində Azərbaycan dilində nitq söyləməsi isə olduqca əlamətdar bir hadisə idi.


Düşünürəm ki, Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə yubileylərdə, konfrans və toplantılarda, ümumiyyətlə hər çıxışında ana dilində nitq söyləməsi böyük tarixi hadisədir. Aradan uzun illər keçməsinə baxmayaraq, Azərbaycan dilinə məhz millətin taleyi kimi yanaşan, əcdadlarımızın dilini qoruyan Heydər Əliyevin fədakarlığı unudulmur, əksinə nəsildən - nəsilə, dildən - dilə sevərək ötürülür.
 

Həyatının mənasını xalqına və dövlətinə xidmətdə görən Ulu Öndərin birinci hakimiyyət dövründə: 1978-ci il Konstitusiyasında ana dilimizin dövlət dili kimi qəbul edilməsi; Azərbaycan dilçiliyində ilk dəfə olaraq dördcildlik "Müasir Azərbaycan dili" adlı fundamental dərslik çap olunması o zaman üçün olduqca tarixi hadisə idi.


Dahi Rəhbər Heydər Əliyev ikinci hakimiyyət illərində də doğma ana lisanımız olan Azərbaycan dilinin qorunmasında müstəsna xidmətlər göstərmişdir. 


Beləki, 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil dövlətimizin ilk Konstitusiyasında Azərbaycan dilinin adı bərpa olundu və dövlət dili kimi öz təsdiqini tapdı. Heydər Əliyevin 2001 -ci il avqustun 9 -da imzaladığı Sərəncama əsasən hər il avqustun 1 -i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi isə olduqca möhtəşəm hadisə idi.


Böyük inamla və qətiyyətlə qeyd edə bilərik  ki, Dahi Rəhbərin bütün sahələrdə, eləcə də dilimizlə bağlı apardığı ideoloji mübarizə bu gün daha parlaq şəkildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 

Cənab Prezidentimiz İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, daha sonra 2012-ci il mayın 23-də “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncamı dilimizin qorunması, zənginləşməsi yolunda görülən böyük və uğurlu işlərdən hesab olunur.
 

Milli-mənəvi dəyərlərə, ana dilinə göstərilən qayğı dövlət siyasətinin başlıca prinsiplərindən sayılır. 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması dövlət tərəfindən Azərbaycan ədəbiyyatına, mədəni irsinə, sözə verilən ən böyük diqqətdir.
 

Çox xoşbəxt xalqıq ki, dərin tarixi kökü olan ana dilimiz var. Hazırda 45 milyondan artıq adam dünyanın 87 ölkəsində Azərbaycan dilində danışır. Ölkəmizdə yaşayan bir sıra azsaylı xalqlar, o cümlədən, ləzgi, lahıc, talış, tat, qrız, saxur və başqaları Azərbaycan dilindən ikinci ana dili kimi istifadə edirlər.
 

Çağdaş Azərbaycan ədəbiyyatında Azərbaycan dilinin saflığı, qorunması uğrunda fədakarlığı ilə seçilən Bəxtiyar Vahabzadə düz on iki il bundan əvvəl məhz fevral ayında haqq dünyasına qovuşdu. Ana dilimizi qoruyan şairin şeirləri bu gün hər birimizin dilinin əzbəridir. Düşünürəm ki, yazını Bəxtiyar Vahabzadənin “Ana dili” şeirindən götürülmüş bir bəndlə bitirək:

 

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!


 

Əsgər İsmayılov
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Xəbər lenti