Logo

Bakı Dövlət Peşə Təhsil Mərkəzi əməkdaşlıq əlaqələrini genişləndirir

21.02.2021 16:42 99 baxış
IMG

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “AzerFloat” QSC arasında anlaşma memorandumu imzalanıb.

 

Bu barədə peşə təhsil mərkəzindən məlumat verilib. Bildirilib ki, tərəflər müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması, sənaye sahəsində məşğulluğun təmin olunması və rəqabətqabiliyyətli məhsul növləri istehsalının təşkili istiqamətində birgə fəaliyyət göstərəcəklər.

 

Hər iki müəssisə ən müasir avadanlıqlarla və innovativ texnologiyalarla təchiz edilmiş elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli kadr və resurslara malikdir. Dövlət sektorunun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan bu şərait müvafiq istiqamətlər üzrə təhsilalanların sənayenin ehtiyaclarına uyğun kadr kimi formalaşmasına birbaşa dəstək verəcək.

 

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində Mərkəzdə mövcud olan müvafiq istiqamətlər üzrə təhsilalanlar istehsalat təcrübə proqramlarında iştirak edəcək, yeni istiqamətlər üzrə təlim proqramları hazırlanacaq. Onlarda sahibkarlıq vərdişlərinin aşılanması, müvafiq bilik və bacarıqların qiymətləndirilməsi, eləcə də təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilən tələbələrin işlə təmin olunması nəzərdə tutulur.

Xəbər lenti