Ölkə ərazisində hava şəraitinə görə yolların buz bağlaması və nəqliyyatda olan gecikmələrə görə tələbələr 2022/2023-cü tədris ilinin payız semestrının qış imtahan sessiyasına ləngiyir və ya heç iştirak edə bilmir.
"Tehsil.biz"in məlumatına görə, mövcud problemlə bağlı bir neçə universitet həmin tələbələrə güzəşt etməklə bağlı qərar qəbul edib.
Bakı Slavyan Universitetindən (BSU) "Tehsil.biz"ə bildirilib ki, imtahanlar normal qaydada davam edir, qarlı hava şəraitinə baxmayaraq, imtahanlarda gecikmə olmayıb.
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) qış imtahan sessiyasında iştirak edə bilməyən tələbələrə yenidən imtahan vermək şəraiti yaradacaq. Universitetdən verilən məlumata görə, hazırda ölkə ərazisində və paytaxt Bakı şəhərində müşahidə olunan qarlı hava şəraiti ilə bağlı imtahanların təşkilində hər hansı problem yoxdur.
Qarlı hava şəraiti nəzərə alınaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) gecikən tələbələrin imtahanlarda iştirakı təmin olunur. AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, bu barədə universitetin rəhbəri tərəfindən qərar qəbul edilib. Həmçinin kəskin hava şəraiti ilə əlaqədar imtahana gələ bilməyən tələbələr üçün şərait yaradılacaq. Onlar üçün həftəsonu imtahanlar keçiriləcək.
Bakı Dövlət Universitetində (BDU) qış imtahan sessiyası davam edir. BDU-dan "Tehsil.biz"ə bildirilib ki, bu gün imtahanda iştirak etməli olan 4.827 tələbədən 4.742-si imtahanda iştirak edir, 85-i isə hava şəraiti və digər səbəblərə görə imtahana gəlməyib. İmtahanda iştirak etməyən tələbələrə müvafiq qaydalara uyğun olaraq münasib vaxtda imtahan vermələri üçün imkan yaradılacaq.
Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyası davam edir. AzTU-dan bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar imtahana gecikən tələbələrin imtahanda iştirakı üçün şərait yaradılır. Bundan əlavə, qarlı hava şəraiti ilə əlaqədar, eləcə də hər hansı üzrlü səbəbdən imtahanda iştirak etməyən tələbələrə növbəti günlərdə yenidən imtahan təşkil olunacaq.
Azərbaycan Dillər Universitetində də (ADU) qış imtahan sessiyası davam edir. Qarlı hava şəraiti ilə əlaqədar imtahana gecikən tələbələrə bir saatadək şərait yaradılıb. Həmçinin yaşayış yerinə görə imtahana gələ bilməyən tələbələrin iştirak etməməsi üzrlü sayılacaq və onlar üçün sessiya müddətində növbəti günlərdə yenidən imtahan təşkil olunacaq.