Logo

"Müəllimin uşaqlara məktəbə gəlməməklə bağlı çağırış etməsi düzgün deyil"

09.01.2023 12:03 1387 baxış
IMG

"Bir neçə gündür, sosial şəbəkələrdə İmişlidə müəllimin məktəbdə ayaqyolunda şəraitin yaxşı olmaması ilə bağlı şagirdlərə çağırış etməsi geniş müzakirə olunur. Burada bir neçə vacib məqama toxunmaq istəyirəm. Milli Məclisdə 2023-cü ilin büdcəsi müzakirə olarkən bu məsələyə diqqəti çəkmişdim. Son illər ölkə rəhbərliyinin müvafiq tapşırıqlarına əsasən ölkəmizdə yüzlərlə məktəb təmir və bərpa olunub və bu gün də bu işlər uğurla davam etdirilir. Ölkə rəhbərliyin təhsilimizə diqqət və qayğısı ən yüksək səviyyədədir. Yeni açılan STEAM və uşaq-yaradıcılıq mərkəzləri bu fikri bir daha təsdiq edir".

Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında deputat Ceyhun Məmmədov bildirib.

Millət vəkili qeyd edib ki, bu gün bölgələrdə 1000-ə yaxın məktəb təmirsiz vəziyyətdədir:

"Bölgələrdə həqiqətən çox bərbad vəziyyətdə olan məktəblər var. Bölgələrə səfərim zamanı bunu dəfələrlə müşahidə etmişəm, hətta aidiyyəti qurumlara müraciətlər də ünvanlamışam. Onların sürətli şəkildə təmirinə ciddi ehtiyac var".

Ceyhun Məmmədov məktəbdə sanitar qovşağın olmadığına görə etiraz edən müəllimin töhmət alması məsələsinə də münasibət bildirib:

"Töhmət məsələsinə gəldikdə müəllimin uşaqlara məktəbə gəlməməklə bağlı çağırış etməsi düzgün deyil və qanun pozuntusudur. Ola bilsin, müəllim əsəbiləşib, belə mövqe sərgiləyib. Müəllimə töhmət bu məqsədlə də verilə bilər. Əgər töhmət müəllimə məsələni ictimailəşdirdiyinə görə verilibsə, bu, qəbuledilməzdir. Bütün hallarda məsləyə vaxtında reaksiya verilib həmin ayaqyolu təmir edilməlidir. Bütün hallarda isə biz müəllimlərimizi sevməli və onları qorumalıyıq".

Deputat bildirib ki, ümumiyyətlə aidiyyəti dövlət qurumları belə məsələlərə vaxtında və operativ reaksiya verməlidir ki, müzakirələr yanlış istiqamət getməsin:

"Təhsil hamımızın işidir. Hər birimiz təhsillə bağlı məsələlərə çox həssas yanaşmalıyıq. Onu da qeyd edim ki, dövlət qurumları öz fəaliyyətlərində ictimaiyyətin haqlı narazılığını və fikirlərini nəzərə almalıdırlar. Zamanında verilməyən reaksiyalar dövlət qurumlarının özlərinin fəaliyyətini zədələyir. Burada söhbət bütün dövlət qurumlarından gedir. Təəssüf ki, son vaxtlar bəzi dövlət qurumlarının fəaliyyətində bu həssaslıq heç də həmişə müşahidə olunmur".

Fəqan Əzimli

Xəbər lenti