Logo

Bakıda “Müqəddəs Məryəmin nuru” adlı əsər təqdim olunub - FOTO

05.01.2023 15:48 429 baxış
IMG

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə yanvarın 5-də “Müqəddəs Məryəm Ana Katolik Kilsəsi”ndə “Müqəddəs Məryəmin nuru” adlı əsərin təqdimatı olub.

Tehsil.biz xəbər verir ki, tədbirdə ölkəmizdəki müxtəlif dini konfessiyaların nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində çıxış edənlər tolerantlıq nümunəsi olan Azərbaycanda multikultural dəyərlərə və ənənələrə həssaslıqla, hörmətlə yanaşıldığını vurğulayıblar. Bildirilib ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan, eyni zamanda, millətlərarası və dinlərarası münasibətlərin inkişaf etdirilməsi baxımından da nümunəvi ölkə kimi xarakterizə olunur. Ölkəmizdə milli və dini müxtəliflik bəzi dövlətlərdən fərqli olaraq insanlar arasında fərq yaradan amil kimi deyil, əksinə, tolerantlıq mühitinin əsas komponentləri olaraq çıxış edir.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, milli və dini tolerantlığı özündə əks etdirən siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkəmizdə müxtəlif xalqların nümayəndələri də bir ailə kimi yaşayırlar.

Qeyd olunub ki, Müqəddəs Məryəm obrazı bəşəriyyət tarixi-ictimai düşüncəsində mühüm və əhəmiyyətli yerə malikdir. İdeallıq haqqında təsəvvürləri öz surətində ifadə edən bu universal obraz xristianlıq tarixində dəqiq qanunlara əsaslanaraq müvafiq tərzdə vizuallaşıb.

Sonda Kilsəyə Müqəddəs Məryəmin təsviri olan əsər hədiyyə edilib. Əsərin üzərində mavi geyimli və incə qatlarla verilən baş örtüyünün fonunda 12 şüalı günəşli tac, həmçinin onu əhatə edən eyni saylı qızıl ulduzlar vurğulanır.

Qeyd edək ki, Müqəddəs Məryəm katolik kilsəsinə təqdim olunan əsərin müəllifi rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Gülarə Salayevadır. Rəssamın əsas fəaliyyət istiqaməti bədii toxuculuqdur. Yaradıcılığında ənənəvi janr və texnikaların sintezinə meyilli olan Salayevanın əsərləri Azərbaycanda və digər ölkələrdə nümayiş olunur.

Xəbər lenti