Logo

İlinə xoş gəldin, Ulu Öndər!

05.01.2023 10:03 283 baxış
IMG

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022- ci il tarixli Sərəncamı Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilik yubileyinə verilmiş ən böyük töhfədir.

Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuş, bu gün də davamlı yüksəliş yolunda inamla irəliləyir. Müasir Azərbaycan Ulu Öndərin şah əsəridir.

Məlumdur ki, hər bir xalqın uzaq və yaxın keçmişində onun taleyinə həlledici təsir göstərmiş, ölkəsinin adını həm milli, həm də bəşər tarixinə şərəflə həkk etmiş, əsrlər boyu formalaşmış milli-mənəvi dəyərləri qorumaqla dövlətinin gələcəyini də uğurla müəyyənləşdirmiş dahilər çox deyil. Xoşbəxt o xalqdır ki, Vətənə sevgisi, xalqa ehtiramı, dövlətə sadiqliyi ilə hər bir kəsə örnək olan, zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tari­xi şəxsiyyətləri var. Ümummilli lider Heydər Əliyev məhz belə dahilərin sırasına yüksəlmiş Azərbaycan övladı olmuşdur. Müasir Azərbaycanın dövlətçilik tarixi dedikdə, ilk olaraq, Azərbaycan xalqının öndəri, bütün həyatını Azərbaycan dövlətinin, xalqının inkişafına həsr etmiş unudulmaz rəhbərimiz Heydər Əliyevi xatırla­yırıq.

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş ümummilli lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırla­yacağımız dahi şəxsiyyətdir. Ulu öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Zamanın hökmü ilə ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşmışdır. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Heydər Əliyevin ölkəmizə rəhbərliyi illəri xalqımızın nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.

Məhz Vətənini və xalqını sonsuz məhəbbətlə sevən, andına, sədaqətinə sadiq olan, qətiyyəti, inamı, müdrikliyi ilə milyonları öz ətrafında birləşdirməyi bacaran, hadisələri düzgün qiymətləndirib reallıqlardan lazımi nəticə çıxaran Heydər Əliyev kimi vətənpərvər insan, siyasətçi bu şərəfli tarixi yarada və yaza bilərdi.

44 gündə mümkünsüzü mümkün edən Xalq- Dövlət- Ordu birliyi, bu gün cənab prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilən daxili və xarici siyasət, gün- gündən qüdrətlənən Azərbaycan Ulu Öndərin qoyduğu doğru yolun davamıdır.

Dahi rəhbərimizin Azərbaycan xalqına müraciətində "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri xalqın köməyi və dəstəyi ilə İlham Əliyev başa çatdıra biləcək" kimi söylədiyi dahiyanə fikri özünü doğrultdu. Ümummilli Liderimizin həyat yetirməsinə səs verən xalqımız yanılmadı. Həmin vaxtdan kiçik zaman kəsiyində xalqın, millətin gələcəyi üçün böyük miqyasda işlər görülüb, Azərbaycanda müstəqilliyin dayaqları möhkəmləndirilib və uzunmüddətli siyasi sabitlik, davamlı iqtisadi inkişaf təmin edilib. Dövlətin iqtisadi uğurları ordu qurucluğunun da inkişaf etdirilməsinə zəmin yaradıb. Azərbaycan Prezidentinin siyasi kursunun ən başlıca istiqamətlərindən biri məhz ordunun hərbi qüdrətinin artırılmasıdır. Məqsədyönlü dövlət siyasətinin nəticəsidir ki, bizim ordu regionun ən qüdrətli ordusudur və qarşısında dayanan tarixi vəzifəni - torpaqlarımızın ərazi bütövlüyünü təmin etməyə tam qadirdir.

Bu gün Azərbaycan Prezidentinin ətrafında sıx birlik nümayiş etdirən xalqımız əmindir ki, əsası Uu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.

Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq isə hər bir azərbaycanlının şərəfli vəzifəsidir.

Əliyev Rövşən
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri

Xəbər lenti