Logo

"Məktəblinin dostu", yoxsa müəllimin "düşməni"? - ŞƏRH

04.01.2023 11:35 4050 baxış
IMG

Bildiyimiz kimi, “Məktəblinin Dostu” pilot layihəsi 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə 30 ümumi təhsil müəssisəsində fəaliyyətə başlayıb.

"Tehsil.biz"in məlumatına görə, layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi və psixoloji yardım göstərməkdir.

Layihənin fəaliyyətini vətəndaşlar bəzən xoş qarşılasa da, bu layihə bir çox hallarda, əsasən müəllimlər tərəfindən bəyənilmir. Belə ki, bəzi təhsilverənlər "Məktəblinin dostu" layihəsinin lazımsız və artıq olduğunu hesab edirlər. Hətta layihə əməkdaşlarını müəllimlərin düşməni kimi təsvir edənlərə də rast gəlmək mümkündür.

Bəs görəsən həqiqətənmi "Məktəblinin dost"ları məktəblilərə dost, müəllimlərə düşməndir?

Mövzu ilə bağlı "Tehsil.biz"ə danışan təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov "Məktəblinin dostu" layihəsinin faydalı olduğunu hesab edir: "Əslində direktor və müəllimlər bu layihənin əməkdaşları ilə yaxşı əməkdaşlıq qura bilsələr, daha faydalı işlər ortaya qoyula bilər. Bunu alındıran müəssisələr var. Ümumi qənaətim layihə haqqında yaxşıdır. Amma məktəbə bağlı, məktəbin dostu, məktəbin içindən idarə olunan və bütün məktəblərə tətbiq olunan insanlara ehtiyac var. Bunlar psixoloq(lar), sosial işçi(lər) və maaşına yetərli əlavə olunan sinif rəhbərləri, təhsil kouçları, karyera məsləhətçiləri olaraq sadalana bilər".

"Məktəblinin dostu" layihəsinin koordinatoru Gündüz Tapdıqov isə layihə əməkdaşlarını sərt tənqid edən şəxslərə cavab olaraq qeyd edib ki, sözügedən layihənin fəaliyyəti düzgün qiymətləndirilmir: "Layihəni tənqid edənlərin əksəriyyətinin bu layihənin əməkdaşlarının iş fəaliyyəti ilə yaxından tanışlıqları belə yoxdur, bəziləri isə daha yaxından tanışdırlar və gündəlik o gənclərin gördüyü işlərin şahididirlər, amma niyəsə bunu düzgün qiymətləndirə bilmirlər. Övladlarımızın gündəlik tədrisdən kənar qayğıları ilə dərhal maraqlanan, çevik reaksiyalar verən, ən kiçik sağlıq problemlərinə dərhal müdaxilə edən bu gənclərin bircə gün yanlarında olsanız, fiziki və psixoloji necə gərgin işlədiklərini görsəniz, işləri ilə maraqlansanız, onda bu sözlərinizə peşman olarsınız. Bəziləri təhqiredici yazır, onlar yəqin müəllim deyillər, onlara deyirəm ki, ali təhsilli gənclərimizə dəstək olun, bu maaşı alanlar hamısı azərbaycanlılar, əksər tənqid edənlərin övladları yaşlarında gənclərdirlər. Onlar heç vaxt bu sözlərdən təsirlənməyəcəklər, əksinə daha da məsuliyyətlə, vicdanla işlərinə davam edəcəklər".

Məlumat üçün bildirək ki, "Məktəblinin dostu" layihəsi 2022-ci ildə Bakıda 192, Abşeronda 11, Sumqayıtda 23 təhsil müəssisəsi olmaqla ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərib. 400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 400 əməkdaş çalışır.

Fəqan Əzimli

Xəbər lenti