Logo

DİQDK sədrinin müavini Çikaqoda keçirilmiş İllik Konfransda iştirak edib

30.12.2022 15:44 318 baxış
IMG

Müsəlman Amerika Cəmiyyəti və Şimali Amerika İslam Dərnəyi tərəfindən birgə təşkil edilən İllik Konfransın idarə heyətinin adından ABŞ Müsəlman Təşkilatları Şurasının Baş katibi Osama Camalın dəvəti ilə 2022-ci ilin 26-29 dekabr tarixlərində Çikaqoda, “McCormick”də keçirilmiş İllik Konfransda Azərbaycanı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov təmsil edib.

Tehsil.biz xəbər verir ki, konfrans çərçivəsində Dövlət Komitəsinin sədr müavini Baş katib Osama Camal, Türkiyə Respublikasının ABŞ-dakı səfiri Həsən Murat Mərcan və bir sıra müsəlman icmaları ilə görüşlər keçirib. Görüşlərdə Azərbaycan həqiqətləri həmsöhbətlərə çatdırılıb.

Tədbir çərçivəsində müsəlmanların əl işləri nümayiş etdirilən sərgi təşkil olunub. Gələcəkdə həmin tədbirdə Azərbaycanın stendinin də nümayişi barədə razılıq əldə edilib. Sözügedən konfransda 30 min nəfər Amerikalı müsəlman iştirak edib.

Məlumat üçün bildirək ki, Müsəlman Amerika Cəmiyyəti və Şimali Amerika İslam Dərnəyi ABŞ Müsəlman Təşkilatları Şurasının təsisçilərindəndir. Sözügedən tədbir ABŞ-də və beynəlxalq səviyyədə 25,000-dən çox tanınmış şəxsi bir araya toplayan aparıcı müsəlman konfranslarından biridir.

Konfrans dinlərarası, sosial ədalət, siyasət və vətəndaş cəmiyyəti məsələləri daxil olmaqla geniş mövzu və maraqları əhatə edən illik tədbirdir. Bu, müsəlman amerikalı ailələri bir araya toplayan, bütün yaş qruplarını və müxtəlif mövzuları əhatə edən əhəmiyyətli tədbirdir.

Xəbər lenti