Logo

BDU əməkdaşı ABŞ-nin Emory Universitetində öz elmi-tədqiqat işini davam etdirəcək

29.12.2022 10:27 598 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Aygün İsrayılova ABŞ Dövlət Departamentinin və Beynəlxalq Təhsil İnstitutunun (Institute of International Education) əməkdaşlığı ilə həyata keçirilən Fulbrayt Səfər Təqaüd Proqramının (Fulbright Visiting Scholar Program) 2023-cü il üçün Azərbaycan üzrə qalibi seçilib.

Tehsil.biz xəbər verir ki, o, proqram çərçivəsində ABŞ-nin Emory Universitetinin Tibb fakültəsində öz elmi-tədqiqat işini davam etdirəcək.

Mikrobiologiya və virusologiya elmi-tədqiqat laboratoriyasının əsas vəzifələrindən biri də Azərbaycanın və eləcə də müxtəlif ölkələrin sənaye sahələrində fəaliyyət göstərən müəssisələrlə əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsidir.

Bu proqram BDU ilə Emory Universiteti arasında əlaqələrin qurulmasına və yeni birgə tədqiqat proqramlarının inkişafına zəmin yaradacaq. Layihə müxtəlif bitki ekstraktlarının insan patogenlərinə qarşı antibakterial aktivliyinin təyin olunmasına və bioloji aktiv birləşmələrin təsir mexanizminin tədqiqinə imkan yaradacaq. Bundan əlavə, birgə əməkdaşlıq çərçivəsində molekulyar bioloji metodların tədqiqi və tətbiqi ilə abiotik və biotik stresslərə davamlı yeni genotiplərin yaradılması nəzərdə tutulur.

Xəbər lenti