Logo

Deportasiyaya məruz qalan sonuncu türk kəndi - Nüvədi

27.12.2022 23:34 672 baxış
IMG

Nüvədi keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Ermənistanın Meğri rayonunda xalis Azərbaycan-türk kəndidir.

Rayon mərkəzindən 16 km şimal-şərqdə yerləşir. Nüvədi kəndi Xudafərin körpüsündən 192 km şimali qərbdə, Bəzzeyn qalasından 55-60 km cənubda, Araz çayının sol sahilində 4 km şimal məsafəsində yerləşir. Ordubad və Zəngilan rayonları arasında 12.600 ha ərazidən ibarət olub Mehri rayonunun ən böyük kəndidir (1929-cu ildə ərazisi 18.200 ha olmuşdur). Bakı-Naxçıvan dəmir yolunun Mehri rayonu ərazisindən keçən 46 km–dən 26 km-i Nüvədinin ərazisindən keçirdi. 1929-cu ilədək Nüvədi kəndi Azərbaycanın Zəngilan rayonunun tərkibinə daxil idi. 1929-cu ildə Nüvədi kəndinin Ermənistanın Meğri rayonuna verilməsi ilə bağlı Azərbaycan hökumətinin rəsmi qərarı 1969-cu ilin may ayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsdiq edilmişdir.

«Nüvədi» toponimi «dağ ətəyində ovuq, çökək yer» mənasında işlənən nüyək, nüək, nüyəx — «iki tərəfi qaya olan sahə» mənasında işlənən «nüy» sözünə fars dilində «kənd mənasında işlənən «deh» sözünün variantı olan «di» sözünün qoşulması yolu ilə əmələ gəlib . Kəndin adı 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə «Nüyədə», erməni, rusdilli mənbələrdə «Nyuvadi» formalarında qeyd edilir. Yerli əhali arasında kəndə «Nüyədi», «Nüədi» deyirdilər. Kənddə 1831-ci ildə 291 nəfər, 1873-cü ildə 705 nəfər, 1886-cı ildə 1083 nəfər, 1897-ci ildə 952 nəfər, 1904-cü ildə 771 nəfər, 1914-cü ildə 1072 nəfər yalnız Azərbaycan türkü yaşayıb. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla  ata -baba  torpaqlarından deportasiya olunub.  Sovet hökuməti  qurulandan sonra sağ qalanlar öz evlərinə dönə bilmişdi. Burada 1922-ci ildə 662 nəfər, 1926-cı ildə 480 nəfər, 1931-ci ildə 590 nəfər, 1979-cu ildə 1700 nəfər Azərbaycan türkü yaşayırdı. Ermənistan dövlətinin xüsusi göstərişi ilə indiki Ermənistan ərazisində sonuncu Azərbaycan-türk kəndi olan Nüvədi kəndinin sakinləri 1991-ci il avqustun 8-də tarixi etnik torpaqlarından deportasiya olunublar.  İndi burada ermənilər yaşayır. Azərbaycanın digər tarixi toponimləri kimi Nüvədi kəndinin adı da toponimik cinayətə məruz qalıb. Belə ki, Ermənistan prezidentinin 1994-cü il fərmanı ilə kəndin adı dəyişdirilib Nonadzor qoyulub.

18 iyun 2021-ci ildə Nüvədi kəndinin sakinləri BMT Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasının rəhbərinə, BMT-nin Qaçqınların İşləri üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatının rəhbərinə, ATƏT-in hazırkı sədrinə, Avropa Şurasının Baş Katibinə, Avropa Şurası Parlament Assambleyasının Prezidentinə, eləcə də UNESCO-nun baş direktoruna və İSESCO-nun rəhbərinə müraciət ünvanlayıblar. 452 ailə adından hazırlanan, onların hər birinin imzaları və müvafiq sübutlarla təqdim edilən müraciət 55 vərəqdən ibarətdir. Müraciətdə qeyd edilib ki, bütün insan hüquqları sənədləri: 1948-ci il tarixli Ümumdünya İnsan hüquqları Bəyannaməsi, 1951-ci il Qaçqınların statusu haqqında Beynəlxalq Konvensiya, 1966-cı il beynəlxalq paktları, BMT-nin 1998-ci il tarixli Məcburi köçkünlərlə bağlı Rəhbər Prinsipləri, BMT-nin İqtisadi və Sosial Şurasının 2005-ci ildə qəbul etdiyi Qaçqınlar və məcburi köçkünlər üçün ev və əmlak restitusiyası Prinsipləri və digər beynəlxalq sənədlər onların qayıtmaq hüququnu tam təsdiqləyir. Vurğulanır ki, Nüvədi kəndindən qovulmuş azərbaycanlılar öz əvvəlki tarixi yaşayış yerlərinə geri qayıtmalarını, Nüvədi kəndinin tarixi, mədəniyyət və dini abidələrinin qorunmasına dəstək istəyirlər. Hazırda Nüvədi kəndinin bütün tarixi qəbiristanlıqları vəhşicəsinə dağıdılıb və dağıdılmaqda davam edir. Müraciəti Nüvədi kəndinin ən yaşlı sakini olan 86 yaşlı Tamaşa Hüseynova, Ermənistan SSR Parlamentinin keçmiş deputatı 90 yaşlı Musa Yusibov, akademik Fikrət Əliyev və hüquq elmləri doktoru, professor Əmir Əliyev və b. Imzalayıblar.

7 avqust 2021-ci ildə Nüvədi kəndinin əhalisinin deportasiyasının 30 illiyinə (1991-2021) həsr edilmiş “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransa Azərbaycan, Türkiyə, ABŞ, Ukrayna və Qazaxıstandan ümumilikdə 500-dək alim, politoloq, ictimai xadim, Nüvədi ziyalıları qoşulub. Konfransın iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.

2022-ci ilin sentyabrında Ermənistan Baş naziri Nikol Paşinyan bu gün parlamentdəki çıxışında Zəngəzurun Nüvədi kəndindən danışıb. Paşinyan çıxışında Azərbaycanın sovet dövründə Ermənistana qanunsuz verilən əraziləri, o cümlədən Azərbaycanla Naxçıvan arasında yerləşən Nüvədi kəndini tələb etdiyini bildirib.

Zəngəzurun Nüvədi kəndi Azərbaycan üçün olduqca strateji məsələdir. İllər öncə Ümummilli lider Heydər Əliyev çıxışlarının birində bu məsələyə xüsusi toxunmuş, bu kəndin məhz 1929-cu ildə SSRİ tərəfindən zorla Ermənistana birləşdirildiyini vurğulamış, Azərbaycanla Naxçıvan arasında Ermənistana əvvəlcə 10 km-lik bir zolaq verildiyini, daha sonra isə həm Naxçıvan, həm də Zəngilan (Cəbrayıl qəzası) kəndlərinin Ermənistana bağışlanması nəticəsində bu zolağın 46 km-ə çatdırılmasını xatırlatmış və bu qanunsuzluğa etirazını bildirmişdi.Heydər Əliyev çoxminli Nüvədi kəndinin əhalisinin 1991-ci ilə qədər kəndi tərk etmədiklərini da bildirmişdi.

Prezident İlham Əliyevin cari ilin 24 dekabr tarixində Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə azərbaycanlıların deportasiyası ilə bağlı  danışaraq bildirmişdi ki,  bütövlükdə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarıldı, qovuldu, bir çoxları öldürüldü, onlara işgəncələr verildi. Sonuncu kəndimiz Nüvədi 1991-ci ilin avqustunda deportasiyaya məruz qaldı.

Ölkə başçısının çıxışında diqqətçəkən məqamlardan biri də onun “Gün gələcək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar”,- sözləri oldu. Ölkə başçısı və bütövlükdə Azərbaycan xalqı əmindir ki, gün gələcək Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar.

Əfsanə Quliyeva

Xəbər lenti