"Ev tapşırıqları uşağın zəkasının inkişafında mühüm rol oynayır. Xüsusilə heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi onlarda məsuliyyət duyğusunun formalaşmasına yardım edir. Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin işgörmə qabiliyyəti artır və özü özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır".
Bu fikirləri "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspert qeyd edib ki, ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir, belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır:
"Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazmaq deyil. Amma təəsüflər olsun ki, hal-hazırda ibtidai siniflərdə proqramın ağırlığı və çətinliyi şagirdlərin normadan artıq yüklənməsinə gətirib çıxarır. Dərsliklər o qədər çətindir ki, heç biz özümüz başa düşmürük, o ki qaldı uşaqlar. Ev tapşırıqları həddindən artıq çox olur. Həm uşaq yorulur, həm də biz. Əvvəllər uşağın dərslərinə köməklik edirdik, lakin indi proqram çox çətindir".
K.Əsədov bildirib ki, şagirdlərə ev tapşırıqları müasir təlim proqramına, kurikuluma uyğun olaraq verilməməlidir:
"Əgər bir mövzu 45 dəqiqə ərzində şagirdə öyrədilirsə, həmin mövzu elə sinifdəcə şagird tərəfindən mənimsənilməlidir. Şagirdin mənimsəməsi zəifdirsə, yaxud daha artıq və yüksək nəticə göstərmiş olarsa, məhz o şagirdləri nəzərə alaraq evdə boş vaxtları doldurmaq üçün valideynin də iradəsinə uyğun olaraq evə tapşırıq verilə bilər. Yüksək nəticə göstərən şagirdə əlavə olaraq mövzuya aid olan daha sanballı, məntiqli və maraqlı suallar vermək olar. Zəif şagird mövzunu gec, yaxud orta səviyyədə mənimsəyirsə, belə halda uşaq müəllimlə qalıb əlavə hazırlaşa bilər".
Ekspertin sözlərinə görə, eyni zamanda müəllim mövzuya aid olan çox yüngül səviyyəli tapşırıqlar verərək şagirdi oxutdura bilər:
"Yəni tapşırıqlar bu hallarda verilə bilər. Ümumilikdə isə şagirdə ev tapşırığı verilməməlidir, şagirdlər bütün mövzu və mətnlərin hamısını sinifdə öyrənməlidir. Çünki təhsil məktəbdə verilir. Tərbiyənin özü də ailə və məktəbdən gəlir. Şagirdlərimiz məktəbdən evə gedərkən sırf fiziki tərbiyə ilə məşğul olan müəyyən işlər görməlidirlər. Yəni onlar əyləncəli idmanla məşğul olmalı, həyətə çıxmalı, qonaq getməli, ailədə yaşlı baba və nənə varsa, onlarla, valideynləri ilə vaxt keçirməlidirlər. Evə tapşırıqlar ona görə verilməməlidir ki, şagirdin istirahətini keçirməsi üçün ona imkan yaradılsın. Müəllim adi ev tapşırıqlarının əvəzinə uşaqlara mövzunun işlənməsi üçün elə tapşırıq verə bilər ki, həmin mövzuya aid olan bilgini evdə, həyətdə, gəzintiyə getdiyi məkanda və s. əldə edə bilərlər. Bilik hər şey yaddan çıxandan sonra insanın beynində qalan bir məhsuldur. Həyati bacarıqlarına sirayət edən mövzu şagirdin biliyi olur. Yəni biz şagirdlərə daha çox tapşırıq versək, onlarda öyrənməyə həvəs qalmayacaq və olan meyil də itəcək. Müəllimdən çox yüksək bacarıq və intellekt tələb olunur ki, şagirdin qavrama qabiliyyətini düzgün olaraq qiymətləndirsin və buna uyğun ev tapşırığı versin".
K.Əsədov deyib ki, əgər tapşırıq vermək rəva bilinirsə, bu zaman ev tapşırığı elə səviyyədə verməlidir ki, şagirdə özü də bunu anlasın:
"Yəni şagird müəllimin bu tapşırığı ona sinif yoldaşlarına nisbətən irəliləməli, bilgisində olan boşluğu doldurmalı olduğuna görə verdiyini anlamalıdır. Yaxud da hamıdan yüksək bildiyini zənn edərək daha yüksək arenaya çıxışı üçün ona yol açıb işıq verdiyini başa düşməlidir. Yəni şagirdlər bunu dərk etməlidir. Bəzən istər ibtidai, istər ümumi orta təhsildə müəllim 10 tapşırığın hamısını bütün sinfə verir. O tapşırıqlardan zəif şagird ikisini həll edə bilər, ya yox, orta təhsilli şagird yarısını, yüksək təhsilli şagird isə hamısını edə bilər. Belə olan halda sinifdaxili qiymətləndirmədə də yanlışlıqlar ortaya çıxacaq, zəif şagird elə zəif olaraq da qalacaq. Ona görə qiymətləndirmənin düzgün şəkildə aparılması üçün müəllimlər doğru-düzgün tapşırıq seçməlidirlər. Əgər belə olarsa, şagird düzgün qiymətləndiriləcək, onların biliyi çox yüksək səviyyədə olacaq və öz effektini də göstərəcək".
Fəqan Əzimli