“Bakı Dövlət Universitetinin (BDU) diplomunu Vasif Talıbova mən verməmişəm”.
Tehsil.biz xəbər verir ki, bunu Modern.az-a açıqlamasında sabiq təhsil naziri, BDU-nun keçmiş rektoru (1996-1998-ci ildə) Misir Mərdanov bildirib.
O, Naxçıvan Ali Məclisinin eks-sədri Vasif Talıbova BDU-nun saxta diplomunu verməsi barədə deyilənlərin doğru olmadığını vurğulayıb.
“Mən BDU-da rektor olan zaman 15-16 fakültə, minlərlə tələbə olub. Tələbə təhsil alır, sonra ona diplomu müəssisə verir, rektor diplom vermir. Məncə, Vasif Talıbov universiteti bitirəndə mən artıq təhsil naziri idim. Ona görə də bu iddialar əsassızdır. Kimin dərsdə iştirak edib-etmədiyini də rektor bilə bilməz, 15 min tələbənin davamiyyətini mən necə izləyə bilərəm? Bu cür söhbətlərin olmasının heç bir mənası yoxdur”, - Misir Mərdanov əlavə edib.
Qeyd edək ki, ötən gün Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verən Vasif Talıbovun diplomunun saxta olduğu deyilir. Məlumata görə, o, BDU-da hüquqşünaslıq ixtisası üzrə ikinci təhsil alıb və 1998-ci ildə ali məktəbi bitirib. V.Talıbov həmin illərdə Azərbaycan Milli Məclisinin deputatı və Naxçıvan Ali Məclisinin sədri olub.
İddia olunur ki, V.Talıbov saxta diplomu M.Mərdanovun rektor işlədiyi dövrdə alıb.
Məlumat üçün bildirək ki, 25 mart 1998-ci ildə təhsil naziri təyin olunan Misir Mərdanov 2013-cü ilin 19 aprelinə qədər bu postu tutub.