Logo

Təhsil eksperti: "Şagird nümunəni müəllimdən götürməlidir"

22.12.2022 10:27 520 baxış
IMG

"İstəsək də, istəməsək də, razılaşmalıyıq ki, çox da uzaq olmayan keçmişlə müqayisədə son on illiklərdə müəllim nüfuzunun zəifləməsi tendensiyası müşahidə olunur. Bu, bir sıra obyektiv və subyektiv amillərlə əlaqədardır ki, bunların da sırasında virtuallığın canlı ünsiyyəti üstələməsinin nəticəsi kimi müəllimdən asılılığın azalmasıdır".

Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Nadir İsrafilov deyib.

Ekspert bildirib ki, bilik qazanmaqda məktəb mühiti, müəllimin canlı sözü, dərsliklərin imkanları deyil, internet resursları, test kitabçaları, əlavə kurslar və repetitor hazırlığı məktəb müəllimini bilik ötürücüsü kimi arxa plana çəkib:

"Əbəs yerə deyil ki, "Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası"nda mövcud vəziyyət bir daha təhlil olunub, strateji hədəf kimi müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemin yaradılması, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruriliyi önə çəkilib. Son iki ildə ənənəvi təhsildə zərurətdən yaranan fasilələrlə əlaqədar distant təhsilə keçid, virtual məktəb layihəsinin tətbiqi, canlı dərslərin televiziya versiyası və digər elektron mənbəələr müəllim-şagird münasibətlərinə təsirsiz ötüşməyib. Təlimə ifrat dərəcədə aludəçilik müəllim-şagird münasibətlərinin deqredasiyasının başlıca mənbəələrindən biridir. Halbuki təlimdə keyfiyyətin əldə olunması üçün pedaqoji-psixoloji xüsusiyyətləri dərindən bilmək vacibdir".

N.İsrafilovun fikirlərinə görə, müəllim bütün hallarda, xüsusən müəllim-şagird münasibətlərinin qurulmasında pedaqoji taktı - nəzakəti, onun davranışına verilən etik tələbləri gözləməli, şagirdlərin şərəf və ləyaqətinə hörmət bəsləməli, onlara münasibətdə ədəbli davranmalıdır:

"Şagird də nümunəni müəllimdən götürməlidir. Şagirdlərin təhsilə marağının artmasında, tədris olunan fənlərin sevdirilməsində, bütövlükdə təlim və tərbiyəsində müəllim - şagird münasibətlərinin düzgün qurulması danılmazdır".

Fəqan Əzimli

Xəbər lenti